Ovlanması qadağan edilən quşların adları - SİYAHI

  04 İyun 2019    Oxunub : 2420
 Ovlanması qadağan edilən quşların adları - SİYAHI
Azərbaycan “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir. Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib. O bildirib ki, vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəkiİsmayıllı, dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər.



"Məqsədimiz ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir. Vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar. Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına ciddi əməl etsinlər, icazə olmayan yerlərdə - sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır", - F.Məmmədov qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN   Ov   Qırmızı-Kitab