Qoruqlara bağlı yeni qurum yaradılır

   Qoruqlara bağlı yeni qurum yaradılır
  04 İyun 2019    Oxunub:2104
Azərbaycanda qoruqlara bağlı yeni qurum yaradılır.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, publik hüquqi şəxs qismində fəaliyyət göstərəcək yeni qurum Agentliyin tabeliyində olacaq və Qoruqların İdarəetmə Mərkəzi adlanacaq.

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarə olunması təklif edilir. Proseslərin şəffaf olmasını istəyirik. Belə ki, qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək".

Hazırda qurumun tabeliyində 7 qoruğun fəaliyyət göstərdiyini deyən sədr qeyd edib ki, qoruqların bəzilərində müəyyən işlərinin görülməsinə ehtiyac var:

""Yanardağ"da həm muzey, həm də uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb. "Atəşgah məbədi"ni də turistlər üçün cəlbedici etmək üçün orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradılacaq. Bu qoruqlara giriş 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik. Bu təcrübə başqa ölkələrdə də var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qoruq   Turzim  





Xəbər lenti