Forum çərçivəsində mühüm sənədlər imzalanıb

  31 May 2019    Oxunub : 956
Forum çərçivəsində mühüm sənədlər imzalanıb
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 31-də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumu çərçivəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanıb.
Azvision.az xəbər verir ki, yüzdən çox sahibkarın iştirak etdiyi biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov dövlət başçılarının siyasi iradəsi, müntəzəm görüşlərinin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib. Bildirib ki, Azərbaycan və Polşa prezidentlərinin bugünkü biznes forumda iştirakı işgüzar əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən önəmin göstəricisidir.

Nazir müavini Azərbaycan-Polşa iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, işgüzar dairələrin iştirakı ilə müntəzəm olaraq keçirilən birgə tədbirlərin iş adamları arasında əlaqələri stimullaşdırmaqla yeni biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına müsbət töhfə verdiyini qeyd edib.

Azərbaycan-Polşa iqtisadi-ticarət əlaqələrindən danışan R.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəliyi ikitərəfli əlaqələrin inkişafına dəstək verir. Ötən ilin dekabrından Varşavada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir: “Azərbaycan və Polşa arasında əlverişli müqavilə-hüquq bazası yaradılıb, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması kimi sənədlər də daxil olmaqla 50-dək yaxın ikitərəfli sənəd imzalanıb”.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda xidmət, sənaye, ticarət və digər sahələrdə 20-dək Polşa şirkəti fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 34 faiz artıb, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib. Bu gün biznes dairələri arasında imzalanan sənədlər iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsində müsbət rol oynayacaq.

Polşa Respublikası Sahibkarlıq və texnologiyalar nazirinin müavini Tadeuş Koşçinski biznes forumda çox sayda iş adamının iştirak etməsinin əlaqələrin inkişafına verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib və regionun önəmli ölkəsidir.

T.Koşçinski Polşa iş adamlarının iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini vurğulayıb.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Polşa İnvestisiya və Ticarət Agentliyinin vitse-prezidenti Kşiştof Senger iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət ediblər.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Polşanın Sahibkarlığın İnkişafı Agentliyi, "Azərbaycan İnvestisya Şirkəti" ASC ilə Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycanın "Marklab", "Nova Digital Solutions" şirkətləri ilə Polşanın "OEX24.com" şirkəti və Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycanın "AZPARK" şirkəti və Polşanın "Satermus" şirkəti, Azərbaycanın "PSG Kapital" şirkəti ilə Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycanın "4S" şirkəti ilə Polşanın "UNIA" şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Azvision.az

Teqlər: Forum