İnam Kərimov Lənkəranda vətəndaşlarla görüşüb

İnam Kərimov Lənkəranda vətəndaşlarla görüşüb
  30 May 2019    Oxunub:2495
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, kənd təsərrüfatı naziri İnam Kərimov mayın 30-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb.

Daha sonra nazir İnam Kərimov Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.



Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 58 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mayın 30-da saat 11:00-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində, kənd təsərrüfatı nazirinin digər müavini Seyfəddin Talıbov isə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində vətəndaşları qəbul ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə Masallıda keçirilən qəbulda 18, Cəlilabadda keçirilən qəbulda 10 nəfərin müraciətinə baxılıb.

Azvision.az


Teqlər: Nazir   Lənkəran  





Xəbər lenti