"Qaçqınkom"da ABŞ nümayəndələri ilə görüş keçirilib

  29 May 2019    Oxunub : 783
"Qaçqınkom"da ABŞ nümayəndələri ilə görüş keçirilib
Mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, sədr qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verib.

Qeyd edilib ki, Ermənistanın qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmayıb. Münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinin bu məsələdə mühüm əhəmiyyət daşıdığı, danışıqlar prosesində irəliləyişin əldə edilməsinə təsirinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, münaqişənin siyasi yolla həllinin tapılmaması hər an hərbi vasitələrin tətbiqi təhlükəsi yaradır. Ermənistanın təxribatına cavab olaraq, 2016-cı ilin aprelində qoşunların təmas xəttində hərbi qarşıdurma yarandığı, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində bir neçə strateji yüksəkliyin işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox qaçın və məcburi köçkün doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan dövləti mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindəndir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda görülən işlərin miqyası çox genişdir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm xidmətləri vardır.

Dövlət Komitəsinin sədri ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. Bu istiqamətdə ABŞ-ın icra etdiyi layihələrin əhəmiyyəti qeyd edilib və minnətdarlıq bildirilib.

Amerikalı qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Qeyd olunub ki, səfərin əsas məqsədi ABŞ Konqresi üzvləri və onların köməkçilərində Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, həmçinin ABŞ-la ortaq maraqlar, o cümlədən enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik, terrorçuluq və ekstremizmə qarşı mübarizə sahələrində əməkdaşlıq, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələri, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində məlumatlılığın artırılmasıdır.

Görüşdə, ABŞ Konqresinin üzvlərinin köməkçiləri ilə yanaşı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin əməkdaşları, eləcə də Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Komitə   ABŞ