Səfirlik iranlı diplomatla bağlı BƏYANAT verdi

Səfirlik iranlı diplomatla bağlı BƏYANAT verdi
  25 Noyabr 2013    Oxunub:1004
İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Səfirliyin mətbuat şöbəsinin müdiri Seyid Muhəmməd Ayətullahinin AzVision.az-a verdiyi məlumata görə, bəyanatda bildirilir ki, İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxs Cənab Əhməd Əhmədzadə 19 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qeydiyyat müddətinin bitməsi səbəbilə saxlanılıb.

`Əhmədzadə xidməti pasporta malik olub və beynəlxalq konfensiyalara görə miqrasiya xidmətinin xidməti pasportların qeydiyyatı işinə müdaxiləsi qeyri-qanunidir və bu işə yalnız Xarici İşlər Nazirliyi müdaxilə edə bilər.

Bu hadisədən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində və bu nazirliyin səylərindən sonra cənab Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib. Cənab Əhmədzadə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən 21 noyabr tarixində Bakıdan Tehrana qayıdıb`.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin qeyri-qanuni müdaxiləsi və rəftarı barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub və məsələ araşdırılır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti