Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verilib

  27 May 2019    Oxunub : 1082
Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verilib
Gəncədəki İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb.
Azvision.az xəbər verir kİ, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr və dualar oxunub.

QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək bildirib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Azərbaycanda bu gün həmrəylik və sabitlik hökm sürür. O bildirib ki, ölkəmizdə dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm işlər görülür. Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi hesab oluna bilər.



"Hz. Zeynəb" dini icmasının sədri Hacı Rahilə Cəfərova bildirib ki, Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. On bir ayın sultanı olan Ramazan müsəlmanın din və dünya işlərinin düzəldilməsinə köməkçidir. Duaların daha çox qəbul edildiyi bir aydır.



İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Qeyd edək ki, iftar süfrəsinə düzülən təamlardan Gəncə Uşaq Evinə də göndərilib.





Azvision.az

Teqlər: HeydərƏliyevFondu   İftar   Gəncə