DSX-da “Siyasi repressiya qurbanları muzeyi” açılıb - FOTOLAR

 DSX-da “Siyasi repressiya qurbanları muzeyi” açılıb -  FOTOLAR
  25 May 2019    Oxunub:7683
Mayın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokuror, general-leytenant Xanlar Vəliyev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Yazıçılar Birliyinin sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Milli Məclisin deputatları, Aydın Mirzəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər şəxslər iştirak ediblər.



Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri Anar, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev çıxış ediblər.



Çıxışlarda muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qalması xüsusi qeyd edilib. 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də ulu öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildiyi bildirilib.



Bildirilib ki, Azərbaycan tarixinə sərhədçi töhfəsi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə bilavasitə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.



Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə edilib. Qazaxıstan “ALJİR” siyasi repressiya muzeyi tərəfindən də sənədlər təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib. Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə güllə-boran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.



Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanın hərbçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.



Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə qayıdan 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib. Siyasi repressiya qurbanı olan qadınlara həsr edilən lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (АЛЖИР – Акмолинский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.



Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Təqdim edilən sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub. Növbəti lövhədə Azərbaycan ziyalılarının məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təbəəsi olan azərbaycanlıların respublikadan çıxarılmaları haqqında sənədlərin surətləri də yerləşdirilib. 1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olublar. Bir çox musavatçıların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin siyasi rəqiblərinə qarşı nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşkilində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd edilib.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə, güllələnmə otaqları tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin və əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.

Azvision.az


Teqlər: DSX   Muzey  





Xəbər lenti