Saxta əlillik dərəcəsi alan direktorla bağlı açıqlama

  22 May 2019    Oxunub : 973
Saxta əlillik dərəcəsi alan direktorla bağlı açıqlama
Bəzi KİV-də “Azərbaycanda sağlam məktəb direktoru 8 xəstəlikdən əlillik dərəcəsi aldı – ŞİKAYƏT” adlı məqalə yayımlanıb. Məqalədə Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin direktoru Əmirov İlham Əvəz oğlunun heç bir xəstəliyi olmadan əlil kimi pensiya aldığı qeyd olunur.
Azvision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məsələyə münasibət bildirib.

O, deyib ki, nazirliyin əlillik məsələləri üzrə işçi qrupu tərəfindən müxtəlif risk qrupları üzrə davamlı olaraq aparılan araşdırmalar nəticəsində əsassız göndərişlər əsasında əlillik təyinatı aparılmış şəxslər müəyyənləşdirilərək əlillik təyinatları ləğv edilir, onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur. Ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib və dövlət büdcəsinin illik qənaəti milyonlarla manat təşkil edir.

"Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz Əmirov İlham Əvəz oğludur. Ona dair səhiyyə müəssisənin göndərişində qeyd olunmuş talassemiya diaqnozu rəhbər tutulmaqla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən sırf göndərişdə qeyd edilmiş məlumatlar əsasında 2018-ci ilin yanvar 12-sində müddətsiz II dərəcə əlillik təyin edilmişdir. Bir müddət öncə həmin göndəriş, onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız olması səbəbindən etibarsız edilib.

Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd səhiyyə müəssisənin göndərişidir. Şəxslərə dair göndərişdə əks olunmuş məlumatlar əsasında əlillik təyinatı aparılır.

Nazirlik olaraq bu kimi hallara qarşı tədbiləri davam etdirəcək, paralel olaraq sistemin təkmilləşdirilməsi ilə bağlı və preventiv tədbirlər görülməkdədir", - məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: ƏƏSMN   Nazirlik   Əlillik