Nazirlər arasında məktub mübadiləsi

Nazirlər arasında məktub mübadiləsi
  21 May 2019    Oxunub:2449
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Paraqvay Xarici İşlər naziri Luis Alberto Kastilyoni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
XİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, E.Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə öz həmkarı Luis Alberto Kastilyonini təbrik edib.

Məktubda E.Məmmədyarov son illər ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu qeyd edib.

Məktubda Azərbaycan və Paraqvayın eyni zamanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olundu. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Paraqvay Respublikasının ölkəmizə mühüm dəstəyi xüsusi vurğulanıb.

E.Məmmədyarov Azərbaycan Respublikasının Paraqvaya fəxri konsul təyin etməsi ilə bağlı son qərarın iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyindən və hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Paraqvay Respublikasının xarici işlər naziri Luis Alberto Kastilyoni xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

O, hökümətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq dinamik fəaliyyətə sadiqliyini bəyan edərək, ölkələrimizi birləşdirən xoşniyyətli əlaqələrin davamlı olmasını arzuladı. Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlər 20 aprel 2004-cü ildə qurulub.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti