"Hökumət bu məsələyə ciddi yanaşır" - Əli Əhmədov

"Hökumət bu məsələyə ciddi yanaşır" -    Əli Əhmədov
  18 May 2019    Oxunub:1921
"Azərbaycan gənclər təşkilatlarının bu gün bütün dünyanı narahat edən dayanıqlı inkişaf üzrə səylərini birləşdirməsi bizi məmnun edir".
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Gənclər təşkilatlarının dayanıqlı inkişaf məqsədləri naminə" konfransda çıxışı zamanı deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan gəncləri qlobal problemlər üzərində düşünürlər və getdikcə bunun barəsində daha çox düşünəcəklər: "Gənclərin bununla bağlı öz səylərini ortaya qoyması onu göstərir ki, onlar Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər. Dünyada qlobal iqlim dəyişikliyi, aclıq, qeyri-bərabərsizIk, məşğulluq, əhalinin artması ilə bağlı ortaya çıxan problemləri aradan qaldırmaqla bağlı çox ciddi çağırışlar var. Azərbaycan hökuməti bu məsələyə ciddi yanaşır, dünyanın 2030-cu ilədək dəyişməsi üçün üzərinə düşən işləri yerinə yetirir".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan əhalisinin 45 faizi yaşı 30-dək olanlardır. Onun sözlərinə görə, qarşıya qoyulan hədəflərə nail olmaq üçün addımların atılması daha çox gənclərin gələcək həyatı ilə bağlı olan məsələlərdir: "İşsizlik problemlərinin həlli bilavasitə gənclərin həyatı ilə bağlıdır. Bu baxımdan gənclər qlobal layihənin həyata keçirilməsində maraqlı olmalıdırlar. Bu layihənin əsas hədəfləri gənclərdir. Onlar 2030-cu ilədək ayrı-ayrı ölkələrin həyatında mühüm rol oynayacaqlar. Hazırda dünyada 7,5 milyard insan var. 2030-cu ildə əhalinin sayı 1 milyard nəfər artacaq. Dünya əhalisinin artımının 80 faizindən çoxu Afrika və Asiya qitələrinin payına düşəcək. Əhalinin artımı dünya əhalisinin köç problemini də aktual edir. 2030-cu ilədək bu problemlərin həlli üçün səylər göstərilməlidir".

Azvision.az


Teqlər: ƏliƏhmədov   Gənclər  





Xəbər lenti