Erməni separatçıları çevriliş planı hazırlayır

Erməni separatçıları çevriliş planı hazırlayır
  17 May 2019    Oxunub:3940
"Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikirayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər. Bu proses dayanmır. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir".
Bu fikirləri AzVision.az -a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib kİ, Nikol Paşinyan “Qarabağ klanını” Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub.



"Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var – eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanı”nın intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanı”nı canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar".



E.Şahinoğlu vurğulayıb ki, Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir: "Dağlıq Qarabağ separatçıları Robert Köçəryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan buna razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırki lideri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!”



Paşinyanın Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu, alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanı”nı Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir".

Politoloq xatırladıb ki, 2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək: "Bako Saakyan namizəd olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdilər. İkinci qüvvə "Qarabağ klanı" ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezidenti” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar.



Bu arada, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Çevriliş  





Xəbər lenti