“Müxalifətçiləri müxalif olduqlarına görə tənqid etmirik” - Əli Əhmədov

  16 May 2019    Oxunub : 1062
 “Müxalifətçiləri müxalif olduqlarına görə tənqid etmirik” - Əli Əhmədov
"Biz xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndiririk. İstərdik ki, ölkəmizin siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsinlər.
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, milli maraqlar daim uca tutulmalıdır: "Kim ki düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək. İkinci tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar. Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olursa olsun, amma xalqa, dövlətə müxalifətdə olmaq olmaz. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun, davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin.

İndiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə də bu dayanır. Biz müxalifətçiləri müxalifətçi olduqlarına görə tənqid etmirik, onların içərisində bəzilərini özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik. Bundan başqa səbəbimiz yoxdur. Əgər bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqid işlətməyəcək”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP   Müxalifət   ƏliƏhmədov