Prezident şpris zavodunun açılışında - FOTOLAR

Prezident şpris zavodunun açılışında -  FOTOLAR
  16 May 2019    Oxunub:5932
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.
Azvision.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və “Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat verdilər.



Qeyd edək ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən isə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın yaradılmasında məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafını, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin etməkdir. Bundan başqa, bu layihənin icrası əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi daşıyır. Ümumi sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlara görə gömrük rüsumundan azaddırlar.



Park yaradılandan bəri burada əczaçılıq sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Reallaşdırılan mühüm layihələrdən biri də şpris zavodudur. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib.

Dövlətimizin başçısı zavodu işə saldı.



Bildirildi ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.



İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.











Azvision.az


Teqlər: Prezidnet   Açılış   İlhamƏliyev  





Xəbər lenti