“Radikalların peşmançılığı ictimai qınağın öz hədəfinə çatdığını sübut edir” - Əli Hüseynli

“Radikalların peşmançılığı ictimai qınağın öz hədəfinə çatdığını sübut edir” -  Əli Hüseynli
  16 May 2019    Oxunub:3299
“Əgər Azərbaycandan kənarda olan və özlərini “mühacir” adlandıran bəzi şəxslər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqına, onun maraqlarına birbaşa xidmət etdiyini başa düşür və bu baxımdan fikirlərində dəyişiklik edirlərsə, bu, müsbət haldır. Biz bu prosesləri pozitiv, müsbət hadisə kimi qarşılayırıq”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, bu proses Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına və onun daha da möhkəmlənməsinə xidmət edir:

“Həmçinin onu göstərir ki, fərqli fikirlərə, qarşıdurmaya baxmayaraq, müəyyən zaman keçdikdən sonra haqq-ədalət öz yerini tapır. Bu kontekstdən çıxış edərək demək mümkündür ki, bəzi radikal şəxslərin peşmançılığı, dövlət başçısından üzr istəməsi və etirafları Azərbaycan cəmiyyətində uzun müddətdir davam edən ictimai qınağın öz hədəfinə çatdığını sübut edir. Ümumiyyətlə, birdən-birə və ya hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bəzi şəxslərin Azərbaycanın, onun dövlət başçısının əleyhinə olan mövqelərində dəyişiklik etməsi proseslərini müsbət dəyərləndiririk”.

Xaricdəki bəzi müxalif mövqeli şəxslərin Azərbaycana qayıtmaq istəyinə münasibət bildirən Ə.Hüseynli vurğulayıb ki, istər həmin şəxs, istərsə də indiyə qədər xaricdə yaşayan digər biri Azərbaycana qayıtmaq istəyirsə, bu mümkündür: “Yəni, Azərbaycanda bütün vətəndaşlarımız üçün yaşamaq, işləmək üçün şərait var. Bir çox vətəndaşımız bəzən təhsil almaq, bəzən də işləmək üçün xarici ölkələrə üz tutur. Xaricdə yaşayan çoxlu soydaşlarımız var ki, onlar zaman-zaman Azərbaycana qayıdır, öz bilik və bacarıqlarını burada tətbiq edirlər. Yəni Azərbaycana qayıtmaq, həmçinin Azərbaycandan getmək azad şəkildə həyata keçən proseslərdir”.

Qeyd edək ki, xaricdə yaşayan müxalifətçi, "Meydan TV"nin keçmiş rəhbəri Emin Milli Azərbaycan Prezidentindən üzr istəyib.

Azvision.az


Teqlər: YAP   Əli-Hüseynli  





Xəbər lenti