1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib

 1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib
  15 May 2019    Oxunub:1955
İcbari tibbi sığortanın (İTS) pilot layihə çərçivəsində tətbiqi ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən isə Ağdaş rayonunda həyata keçirilib. Pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılıb.
Azvision.az xəbər verir ki, bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb:

"Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilib və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olub, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artıb. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018-ci ildə isə 9346 olub. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil edib. Bununla yanaşı, İTS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar. Pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan endoprotezləşmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilib. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində atılan addımlardan biridir. Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilib. Eyni zamanda, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək Ailə Sağlamlıq Mərkəzləri yaradılıb".

Z.Əliyev qeyd edib ki, pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artırılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olub:

"Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil edib. Bunlarla yanaşı, 2018-ci ildə icbari tibbi sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki xəstəxanaların fəaliyyətində səmərəliliyin təmin edilməsi, idarəetmənin müasirləşdirilməsi və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülüb. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilib. Əhalinin münasibətini öyrənmək məqsədilə aparılan sorğularda İTS-in tətbiq olunmasına respondentlərin Mingəçevirdə 88, Yevlaxda 79, Ağdaşda isə 86 faizi müsbət fikir bildirib. Agentlik tərəfindən aparılan təhlillərə və beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikiillik nəticələrinə görə əminliklə demək olar ki, ölkəmiz İTS-in tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir".

Azvision.az


Teqlər: Zaur-Əliyev   Sığorta  





Xəbər lenti