Vergidə islahatlar nəticəsini göstərir – TƏHLİL

   Vergidə islahatlar nəticəsini göstərir –    TƏHLİL
  14 May 2019    Oxunub:5212
Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.
Nazir Mikayıl Cabbarov bildirib ki, vergi sahəsində yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər nəticələrini verir. Söhbət Vergi Məcəlləsinə edilən 300-ə yaxın dəyişiklikdən gedir. Qeyd edim ki, vergi sahəsində islahatlar adətən, dərhal nəticə vermir. Yəni, gözləmək olardı ki, I rübdə hətta proqnoz-plan az yerinə yetirilsin. Amma 10,4% artıq olub.

Sözün qısası, Vergilər Nazirliyinin xəttiylə dövlət büdcəsinə mədaxil yüksək icra olunub. Qeyri-neft başda olmaqla, neft sektorundan vergi ödənişi həm 2018-ci ilin rəqəmləri ilə müqayisədə, həm də plan-proqnozdan müvafiq olaraq 16,5% və 10,4% yüksək əldə edilib.

Xatırladıram ki, cari ilin əvvəlindən iqtisadiyyatın bir sıra sahələrində tətbiq olunmağa başlanan, mahiyyətcə güzəştli xarakter daşıyan vergi islahatlarında məqsəd dərəcələrdə və yığımda inzibatçılığı təkmilləşdirməkdən ibarət idi. Bunun üçün isə mühüm meyarları yayınmanı azaltmaq, uçot bazasının, mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergi tutma rejimi kimi məsələləri təkmilləşdirmək və vergi güzəştlərini optimallaşdırmaq yolu ilə iqtisadi səmərəni gücləndirmək təşkil edirdi.

Ümumiyyətlə, sözügedən problemlərin həlli üçün vergi siyasətində əsas 5 istiqamət müəyyənləşdirilmişdi. Bunlar kölgəni azaltmaqdan, vergi tutma bazasını təkmilləşdirməkdən, vergi ödəyicilərinin hüquqlarını genişləndirməkdən və vergi inzibatçılığını genişləndirməkdən ibarət idi. Maliyyə naziri Samir Şərifov bildirmişdi ki, bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır və müəyyən vaxt ərzində büdcənin gəlirinin bir hissəsindən hökumətin faktiki olaraq imtina etdiyi deməkdir.

Amma gördüyümüz kimi, heç nə itirilməyib. Əksinə, gözləniləndən yüksək nəticələr əldə olunub. Bu, bir daha təsdiq edir ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, kölgə iqtisadiyyatının qarşısını alan islahatlara getmək şansı daha genişdir. Və nə qədər ki, büdcəyə Neft Fondundan transfert imkanı var, bu cür islahatlara getmək lazım və vacibdir. Əsas hədəf isə ondan ibarət olmalıdır ki, vergi dərəcələri iqtisadi aktivliyi, kölgə iqtisadiyyatının leqallaşmasını stimullaşdırsın və pərdəarxası qazanc əldə etmək istəyinin rüşeym halında da olsa belə, mövcudluğuna zəmin saxlamasın.

Ümumiyyətlə, hökumətin və dövlətin vergi siyasəti - onun təkmilləşdirilməsi 3 tərəfə xidmət etməlidir: dövlət büdcəsinə, işəgötürənə və həm işçiyə... “Yalnız bu halda 2019-cu ildə gözlənilən böyük vergi islahatından səmərə gözləməyə dəyər”,- deyə, əvvəlki şərhlərimdə yazmışdım. Neft-qaz, həmçinin dövlət sektorundan kənar sahəyə aid vergi ödəyicilərində işləyən fiziki şəxslər üzrə 14%-lik gəlir vergisinin ləğvini isə “vergi islahatlarının tacı” adlandırmışdım. Belə ki, qeyri-neft-qaz-dövlət sektorunda işləyən 8000 manatadək gəliri olanlardan 14%-lik vergi tutumunun ləğvindən ən çox qazanc götürən vətəndaş olmalı idi. Dövlət isə sosial ödənişlərində yüngüllük tapacaqdı. Nəticədə də özəl sektorun inkişafı əlavə stimul əldə etməklə, sonradan vergi bazası özü də genişlənəcəkdi.

Budur: yanvar-aprel aylarının nəticəsinə görə muzdlu işçilərin sayı da 80 min nəfərdən çox artıb. Və bundan 56 min nəfərin yeni müqaviləsi məhz, qeyri-neft sektorunun payına düşüb. Ümumiyyətlə, fiziki şəxslərdən gəlir vergisinin üzərinə getməklə, sosial sığorta ödəmə mexanizmini dəyişmək bu vaxta qədər nədən gecikdirilirdi, aydın deyildi. Halbuki, ölkədə sığorta-pensiya sisteminin islahatı barədə danışılır və bu istiqamətdə addımlar atılırdı. Sözügedən sistemin inkişafı isə ümumi vergi islahatlarından kənarda mümkün deyildi. Çünki buna, fiziki şəxslərdən gəlir vergisi dərəcələri fonunda dəyişiklik etmək tələb olunurdu ki, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin maaşlarından isə 3% ayırma hüquqi şəxslər üçün ağır yük idi. Paralel olaraq isə, gəliri 2500 manatadək olanlar üçün 14% vergi ödənişi kifayət qədər böyük məbləğ sayılırdı. Digər ödənişlər də daxil, aylıq gəlirdən ümumən, 40%-lik ödəniş yükü...

Əmək haqqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillər də bax, məhz bundan qaynaqlanırdı. Belə ki, məhz vergi yükünün ağırlığı, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə əmək müqaviləsi ilə işləməyə maraq yox idi. Odur ki, bu ildən tədbiq olunan vergi islahatlarında fiziki şəxslərdən gəlir vergisinə dair dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə dair yeniliklərin bir çərçivədə götürülməsi daha böyük hadisə oldu. Və bunun səmərəsini görmək üçün də, çox gözləmək lazım gəlmədi.

Qısa desəm, sözügedən addımı atmaqla, "bir güllə ilə iki dovşan vuruldu" ki, birincisi, əmək haqqlarının gizlədilməsi, ikili mühasibat, əmək müqavilələrinin bağlanmaması kimi amilləri aradan götürmək asanlaşdı, ikincisi isə mükəmməl sığorta-pensiya sisteminin yaradılması istiqamətində indiyədək görülən və hələ görüləsi işlər məntiqi əsas tapdı.

Yanvar-mart aylarında DSMF-ın gəlirləri də artaraq 1 276,8 milyon manat olub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 27,7% və ya 276 milyon manat çoxdur. Çünki işləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsi artıb, o cümlədən, məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş dərəcələri də dəyişib, daxilolmalar da bu səbəbdən 12,9% artıb və 573,5 milyon manat təşkil edib. Təsadüfi deyil ki, qeyri-büdcə sektoru üzrə Fonda daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 milyon manat olub ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 13,1% və ya 42,6 milyon manat çox deməkdir.

Sözün qısası, düzdür, Azərbaycan hökuməti indiyədək vergi yükünün azaldılması istiqamətində bu və ya digər formada bir çox tədbirlər həyata keçirib, dərəcələri aşağı salıb və ümumən, dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün xeyli işlər görüb. Lakin bununla belə, mövcud vergi siyasətinin iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək yenə də, hələ tezdir.

Neft-qaz və ondan gələn gəlirlər daimi deyil. Başqa sözlə desəm, hər an bu gəlirlər dayana bilər. Odur ki, neftdən əlverişli gəlirlilik dövründən iqtisadiyyatın canlanması üçün bundan sonra da maksimum istifadə etmək gərəkir. Vergi dərəcələrinin əhalinin məhz, aşağı gəlirli hissəsinin maraqlarını nəzərə almaqla bax, bu cür endirilməsi, ödənişə marağın artırılması, əməkhaqlarının getdikcə artmasına - yüksəldilməsinə zəmin açılması və ümumiyyətlə, işçidə öz real və gələcək sosial sığortası haqda düşünməsinə, bunda həvəsli olmasına yol açılması yolu və sair ilə.... Praktika isə sübut edir ki, nətəcə özünü tez göstərir.



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Vergi-islahatları  





Xəbər lenti