Azərbaycanda məhbuslarla bağlı 774 milyonluq layihə - FOTOLAR

Azərbaycanda məhbuslarla bağlı 774 milyonluq layihə -  FOTOLAR
  08 May 2019    Oxunub:5997
"Azərbaycanda penitensiar islahatlara əlavə dəstək - 2" (SPERA -2) layihəsinin təqdimatı olub.
AzVision.az xəbər verir ki, Avropa Birliyi və Avropa Şurası tərəfindən maliyyələşdirilən layihənin icraçısı Avropa Şurasıdır.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş bildirib ki, layihə Penitensiar Xidmət və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsi ilə sıx əməkdaşlıq şəraitində icra olunacaq: "Avropa Şurası Azərbaycan hökumətinin cinayət sistemini humanistləşdirmək səylərini xüsusi alqışlayır və bu yolla davam etməyə çağırır. Burada Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın əhəmiyyətini vurğulamaq istərdim”.



Layihə barədə məlumat verən Z.Hernyeş deyib: “Bu layihənin birinci fazası kifayət qədər uğurlu olub. Hazırda layihənin davamı olaraq SPERA-2 icra olunur. Bu layihəyə əvvəlki iki komponentlə yanaşı üçüncü bir sahə də əlavə olunub. Bu cəzaçəkmə müəssisələrindən buraxılan şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Bu komponentin icra olunmasına vətəndaş cəmiyyəti nümayəndələrinin tender yolu ilə cəlb olunması nəzərdə tutulur. Layihənin maliyyələşməsini 80 faiz Avropa İttifaqı, 20 faizini isə Avropa Şurası öz üzərinə götürüb. 2 il üçün nəzərdə tutulan layihəyə ümumlikdə 774 milyon avro ayrılıb”.



Çıxış edən Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov deyib ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, qurum qarşısındakı öhdəliklərindən irəli gələrək məhkəmə sisteminin, ədliyyə orqanlarının müasirləşdirilməsi və.s istiqamətində məqsədyönlü tədbirlər görülüb: "2006-cı ildən başlayaraq qarşılıqlı fəaliyyət nəticəsində Penitensiar sistemin xətti ilə 5 layihə icra olunub. Son illər məhkumların hüquqlarının təmin olunması, penitensiar infrastrukturun müasirləşdirilməsi, eləcə də məhkumların tibbi təminatında köklü dəyişikliklər aparılıb. İcrası 2018-ci ildə yekunlaşmış penitensiar islahatlara əlavə dəstək layihəsinin rəhbər komitəsində Penitensiar Xidmət və Tibb Baş İdarəsinin nümayəndələri təmsil olunub və layihə tam həcmdə icra olunub. Layihə Penitensiar sistemin Avropa standartlarına uyğun təkmilləşdirilməsini dəstəkləyib. Xüsusilə məhbuslara tibbi yardımın təkmilləşdirilməsin', psixi sağlamlıq xidmətinin inkişafına öz töhfələrini verib. Hazırkı mühüm layihəni birgə səylərimiz nəticəsində uğurla yekunlaşdıracağımıza əminəm".



Avropa İttifaqının Azərbaycandakl Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında bildirib ki, 2 ildən sonra layihə uğurlu nəticələrlə başa çatacaq: "Bunun belə olacağına əminəm. Çünki siz yaxşı tərəfdaş, müttəfiqsiniz. Penitensiar Xidmətə də təşəkkür edirəm ki, bizi dəstəkləyirsiniz".



Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisi Rəfael Mehdiyev söyləyib ki, 2016-2018-ci illəri əhatə edən son layihə ilə məhkumlara göstərilən tibbi yardımın səviyyəsi artırlıb. O, qeyd edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə penitensiar sistemdə genişmiqyaslı islahatlar həyata keçirilir və bu islahatların əsas istiqamətlərindən biri də cəzaçəkmə müəssisələrində aparılan işlərin keyfiyyətinin artırılması, strukturunun təkmilləşdirilməsi, məhkumlara göstərilən müxtəlif xidmətlərin, o cümlədən tibb xidmətinin səviyyəsinin artırılmasıdır.

Daha sonra layihənin rəhbəri Oskar Alarkon Jimenez təqdimatla çıxış edib. Tədbir layihədən gözləntilərin müzakirəsi ilə başa çatıb.














Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov



Teqlər: Penitensiar   Avropaİttifaqı   AvropaŞurası  





Xəbər lenti