Xəyanətlə nəfəs alan adam - Əli İnsanova etirazlar

  Xəyanətlə nəfəs alan adam -    Əli İnsanova etirazlar
  03 May 2019    Oxunub:12586
Sabiq səhiyyə naziri, Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi son müsahibə etirazlara səbəb olub. 73 yaşlı eks-nazirin ikrah doğuran fikirlərinə dövlət rəsmiləri, ölkənin ictimai-siyasi fəalları dərhal reaksiya verərək, onun əsl xəyanətkar simasını ifşa ediblər.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Facebook" səhifəsində yazıb ki, Əli İnsanovun müsahibələri onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir.



"Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var", - Ə.Əhmədov vurğulayıb.



Kənd Təsərrüfatı naziri İnam Kərimov "Facebook"da yazıb: “Əli İnsanov yalnız rüşvətxorların, xəyanətkarların və oğruların “ulduz”u ola bilər”.



Millət vəkili Tahir Mirkişili: “Əli İnsanov kimi erməni atalar sözləri ilə mənəviyyatı yoğrulan, xəyanətlərlə nəfəs alan adam müasir Azərbaycan cəmiyyətində lazımsız və faydasızdır!”.



Keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov Əli İnsanova müraciət ünvanlayaraq onu tutduğu çirkin yoldan çəkinməyə çağırıb:



“Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla yığışıb, məsləhətləşib onlarla necə iş aparacaqsan? Onda camaatın nifrətinin qarşısında dayana biləcəksən? Nə qədər gec deyil, bu yaramaz əməllərindən geri çəkilmək lazımdır. 73 yaşı olan bir insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Sən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan belə heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, həbsdən cənab prezidentin humanistliyi nəticəsində çıxdıqdan sonra, vaxtilə sənə çörək vermiş, səni zirvələrə qaldırmış, nazir etmiş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdin. Diz çökərdin. Deyərdin ki, bağışla məni, səhv etmişəm, üzr istəyirəm. O zaman camaat səni başa düşərdi”.



Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun sədri, millət vəkili Azay Quliyev də sabiq səhiyyə nazirinə etirazını bildirib: "Əqidəsinə xəyanət edən Əli İnsanov kimi nankorlar həmişə siyasi ambisiyalarının və təkəbbürlərinin qurbanı olurlar. Bu zavallı elə bilir ki, erməni folkloruna və xarici dairələrə sığınmaqla Azərbaycanda birlik və sabitliyə zərbə vura biləcək. Əsl siyasi karikatura personajı!"



Millət vəkili Aydın Mirzəzadə xatırladıb ki, Əli İnsanov 1995-ci ildə vəzifə cinayətlərinə, korrupsiyaya, eyni zamanda rəhbərlik etdiyi sahədə böyük “yeyintilərə” yol verdiyinə görə həbs olunub.

"Eyni zamanda həbsxana qaydalarını pozduğuna görə ikinci dəfə cəza aldı. Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı əfv sərəncamı ilə böyük humanistlik göstərilərək vaxtından əvvəl azadlığa buraxıldı. Gözləmək oladı ki, dövlət orqanlarında işləmiş bu insan cəmiyyətə yaxşılıq, sülh, əminamalıq çağırışları edəcək. Keçmişdə etdiyi cinayətləri yada salmamaq üçün sadəcə öz həyatını yaşayacaq. Ancaq Əli İnsanov həbsdən çıxdığı qısa bir zamanda özünü yeni cilddə cəmiyyətə sırımağa çalışır. Öznü "demokrat", Azərbaycanın daxili və xarici siyasətini yenidən quracaq və Azərbaycanı dəyişəcək bir "peyğəmbər" kimi göstərir. Yəqin hesab edir ki, yaşlı nəsil onun kim olduğunu unudub. Yox. Heç kəs Əli İnsanovun kimliyini və etdiyi yaramazlıqları unutmayıb”.



Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, ictimai və siyasi yaddaşda adı rüşvətxorluq və korrupsiya ilə assosiasiya olunan Əli İnsanovun siyasətçi adına iddia etməsi absurddur.

"Əli İnsanovun son açıqlamalarında qisasçılıq mövqeyindən çıxış etməsi, Azərbaycanın milli məsələləri ilə bağlı dilə gətirdiyi ifadələr bu adamın düşüncəsinin və siyasi mövqeyinin əslində düşmənimiz olan ermənilərin saxta təbliğatına daha yaxın olduğunu göstərir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini açıqlayarkən, Azərbaycanın milli davasına xəyanət edir, qisasçılıq hissi ilə çıxış edərək Azərbaycanın milli bütövlüyünü pozan fikirlər səsləndirir. Buna görə də onun siyasi iddia ilə çıxış etməyə mənəvi haqqı çatmır".

Millət vəkili bildirib ki, Ə.İnsanovun açıqlamaları və anti-milli mövqeyi Azərbaycanın siyasi gündəminə əsla təsir edə bilməz: “Çünki o, dövlətin icraedici hakimiyyətində yüksək vəzifə tutduğu, nazir vəzifəsində işlədiyi vaxtlardakı fəaliyyəti ilə səhiyyə sahəsini bərbad günə qoyması xalqın yadından çıxmayıb. Eyni zamanda Ə.İnsanovun korrupsiya və rüşvətxorluqda ittiham olunaraq törətdiyi cinayətlərə görə həbsxanada cəza çəkməsi də, xalqa da bəllidir. Çünki bütün bunlar Azərbaycan xalqının gözü qarşısında baş verib və bizim cəmiyyətin ictimai yaddaşı əsla qısa deyil. Ona görə də adı ictimai yaddaşda korrupsiya ilə assosiasiya olunan bir şəxsin siyasətə qayıtması mümkün deyil”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əli-İnsanov   Sabiq-Nazir  





Xəbər lenti