İki rayonda daşıyıcı qaz kəmərləri yenilənir

İki rayonda daşıyıcı qaz kəmərləri yenilənir
  26 Aprel 2019    Oxunub:1835
Bakının 2 rayonunda yeni qaz sayğaclarının quraşdırılması və daşıyıcı qaz kəmərlərinin yenidən qurulması işləri icra edilir.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə birlik tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

Belə ki, Səbail rayonu, Mətbuat prospektində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının, boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur. Dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəzlənməsi, quraşdırılan sayğacların kipliyə yoxlanıldıqdan sonra yivli birləşmələrinin plomblanması və dəyişdirilən qaz xətlərinin rənglənməsi istiqamətində intensiv işlər aparılır.

Son zamanlar respublikamızda aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri, Nizami rayonunda da davam etməkdədir. Rayonda yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır. Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” tərəfindən Nizami rayonunun qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilib və həmin layihəyə uyğun olaraq diametri 315 millimetrlik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb. Ümumi uzunluğu 4 min metr olacaq qaz kəməri Tofiq Abbasov, Əli Vəliyev və Şərifli Məmmədəli küçələrindən keçərək mövcud şəbəkəyə birləşdiriləcək.

Qeyd edək ki, bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış diametri 159 millimetrlik metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 1250 metrlik hissəsində işlər başa çatdırılıb, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir.

Yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur. Rayon ərazisində aparılan təmir-tikinti işlərinin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər nəticəsində, ümumilikdə 5 min abonentin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunacaq.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti