Zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq olunub

Zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq olunub
  24 Aprel 2019    Oxunub:5666
Azərbaycanda ilk dəfə istixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq olunub.
Azvision.az xəbər verir ki, Abşeron Rayonlararası Bioloji Laboratoriyasında istehsal olunmuş trixoqramma həşəratı aprelin 24-də Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində istixana şəraitində yetişdirilən pomidor bitkisinə tətbiq edilib. Media işçilərinin də izlədiyi prosesin həyata keçirilməsində əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün bitki zərərvericilərinə qarşı bioloji mübarizə üsullarından olan entomofoqların tətbiqinin vacibliyini göstərmək, bu üsulun fermerlər üçün daha sərfəli olduğunu ictimaiyyətə çatdırmaq və maarifləndirilmə işlərini aparmaqdan ibarətdir.

Bildirilib ki, zərərsiz tüfeyli həşəratlar qrupuna aid olan trixoqrammanın pomidor bitkisinə tətbiqi pomidor güvəsinin və sovkaların yumurtalarının sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsi, istixana şəraitində trixoqramma tüfeylisinin də mübarizə tədbirləri sisteminə əlavə olunması imkanlarını qiymətləndirmək baxımından önəmlidir.

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma Azərbaycanda Abşeron Rayonlararası Bioloji Laboratoriyasında çoxaldılır. Normativ texniki sənədlərə əsasən, zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.

Trixoqrama vasitəsilə həyata keçirilən bu bioloji mübarizə üsulunun pambıq, qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə, kimyəvi preparatların tətbiqinin miqdarının azalması, məhsulun maya dəyərinin aşağı düşməsi, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.

Bioloji mübarizə üsulundan yararlanmaq istəyən fermerlər trixoqrammanı heç bir vəsait ödəmədən əldə etmək üçün müvafiq rayon Dövlət Aqrar İnkişaf mərkəzlərinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Azvision.az



Teqlər:





Xəbər lenti