Şeyx Fransanın Dini işlər üzrə məsləhətçisini qəbul edib

  24 Aprel 2019    Oxunub : 1005
Şeyx Fransanın Dini işlər üzrə məsləhətçisini qəbul edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Fransa hökumətinin Dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskalı onun xahişi ilə qəbul edib.
QMI-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qonağı səmimi salamlayan A.Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş vermiş yanğından hədsiz təəssüf hissi keçirdiyini, bu məşhur və möhtəşəm tarixi mənəvi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümidvar olduğunu bildirib, Azərbaycan dindarlarının bu işə maddi və mənəvi dəstək verməyə hazır olduğunu dilə gətirib.

QMİ sədri Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən qonağa bəhs edib. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti qismində həyata keçirildiyini, dövlət başçımızın bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirməsinin, qlobal əhəmiyyətli multikulturalizm və insani həmrəylik ideyalarını irəli sürməsinin bu töhfələri artırdığını qeyd edən A.Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd edib.
Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Şeyxülislam A.Paşazadə iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək, Fransa təmsilçilərinin də qatılacağı növbəti beynəlxalq forumu xüsusi vurğulayıb.

QMİ sədri bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi ünvana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirib.

Fransalı qonaq J.Paskal səmimi qəbula və ətraflı məlumata görə QMİ sədrinə minnətdarlığını bildirib. Bakıya ilk dəfə 1998-ci ildə səfər etdiyini bildirən qonaq bu səfərində Azərbaycanın nə qədər inkişaf etdiyini müşahidə etməkdən məmnunluğunu ifadə edib, Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu bildirib. Fransanın da çoxkonfessiyalı ölkə olduğunu bildirən qonaq dövlətin dinlərarası sülh şəraitini təmin etməli olmasının vacibliyinə diqqəti çəkib. Bu işdə din xadimlərinin, dini liderlərin böyük roluna diqqəti çəkən fransalı qonaq Papa Fransiskin Yaradanın adı ilə törədilən cinayətlərin küfr olduğu, onu törədənlərin isə kafir olduğu barədə fikirlərindən iqtibas gətirib. J.Paskal dünyada dini ekstremizmin artmasından narahatlığını dilə gətirib, A.Paşazadə isə dinin heç bir zaman ekstremist mahiyyət daşımadığına vurğu edərək, dini ekstremizm ifadəsi ilə razılaşmadığını, dindən, din adından sui-istifadə edilərək cinayətlərin törədildiyini, siyasi məqsədlərlə qarşıdurmalar törədildiyini bildirib. Hər il aprelin 24-də ermənilər tərəfindən dünyada guya 100 il bundan öncə onlara qarşı soyqırım həyata keçirilməsi ilə bağlı saxta ittihamların gündəmə gətirilməsinə toxunan A.Paşazadə erməni ekstremistlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi gerçək cinayətlərin əsl ekstremizm nümunəsi olduğuna diqqəti çəkib.

Şeyxülislam böyük hiddət doguran hadisə - Şri-Lankanın paytaxtı Kolomboda çoxsaylı insan tələfatına səbəb olmuş silsilə terror aktlarını xatırladaraq, dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi proseslərini ümumbəşəri faciələr kimi dəyərləndirərək, bu təhdidlərdən bəşər ailəsinin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyinə diqqəti çəkib.

Sabah Bakıda keçiriləcək beynəlxalq tədbirə qatılacağını bildirən fransalı qonaq J.Paskal bu məsələlər barədə orada çıxış edəcəyini bildirib və Şeyxülislama səmimi dialoqa görə təşəkkür edib. Görüşün sonunda xatirə fotosu çəkilib və qonağa suvenir hədiyyə təqdim olunub. Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez də iştirak edib.

Azvision.az

Teqlər: QMİ   Fransa