Bu il 207 850 it peyvənd olunub

  23 Aprel 2019    Oxunub : 732
 Bu il 207 850 it peyvənd olunub
Bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.
Azvision.az -ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu dövr ərzində quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparıb. Hal-hazırda Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir.

Qeyd edək ki, quduzluq bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.
Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər.

Xəstəliyin coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur.


Azvision.az

Teqlər: KTN   Baytarlıq