Lənkəranda əl qumbarası tapılıb

  22 Aprel 2019    Oxunub : 1267
Lənkəranda əl qumbarası tapılıb
Aprelin 21-də saat 13:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Lənkəran rayonu, Göyşaban kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA   Lənkəran