Ramil Usubov sıra baxışı keçirdi

Ramil Usubov sıra baxışı keçirdi
  19 Aprel 2019    Oxunub:3018
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 433 iddiaçının arasından daha hazırlıqlı olan 372 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladan nazir R.Usubov belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu bildirib.

Cənab Ramil Usubov bu gün ölkədə uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini qeyd edib.

Daxili işlər naziri vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Azvision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti