“Müəllim elə sillə vurdu ki, gözümdən qığılcım çıxdı” - Deputatların məktəb xatirələri

“Müəllim elə sillə vurdu ki, gözümdən qığılcım çıxdı” - Deputatların məktəb xatirələri
  19 Aprel 2019    Oxunub:11914
Son günlərin əsas müzakirə mövzularından biri şagirdlərin müəllimlər tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalmasıdır. Bununla bağlı müxtəlif fikirlər səsləndirilir, valideynlər öz narahatlıqlarını ifadə edirlər. Müəllimin şagirdi döyməsi qəbuledilməz olsa da, bunun əksini düşünənlər də az deyil. Onlar isə fikirlərini belə əsaslandırırlar ki, müəllim səhv edən şagirdi vaxtında cəzalandırmasa, həmin uşaqlar gələcəkdə daha böyük nöqsanlara yol verə bilərlər.

Bəs millət vəkilləri necə düşünürlər? Onlar orta məktəbdə oxuyarkən müəllimlər tərəfindən təzyiqə məruz qalıblarmı?
Azvision.az mövzu ilə bağlı bir neçə deputatdan münasibət öyrənib.

Millət vəkili Aqil Abbas bildirib ki, şagird olarkən müəllimi tərəfindən sillə ilə cəzalandırılıb. O hesab edir ki, hər kiçik hadisəyə görə müəllimləri ittiham etmək doğru deyil.

“Müəllim uşağın düşməni deyil, o, şagirdi yüngülvari, işgəncə vermədən cəzalandıra bilər. Amma təpiyin altına salmaq, ağzından qan gələnə kimi döymək, xəsarət yetirmək yolverilməzdir. Uşağın qulağını dartmaq və ya danlamaq olar. Bizim vaxtımızda küncə qoyardılar, müəyyən cəza tədbirləri görərdilər. Buna görə hansısa valideynin şikayət etdiyini görməmişəm. Son zamanlar bununla bağlı məsələlər çox şişirdilir. İndi zəmanə dəyişib, uşağa güldən ağır söz deyəndə valideyn az qalır müəllimi döysün. Dəfələrlə belə hadisə olub. Hətta şagirdin müəllimi döymə hadisəsi də olub. Müəllim uşağı sevgisindən danlaya, qulağını da çəkə bilər. Burada qeyri-adi birşey görmürəm".



"Bizim hamımızı adam edən müəllimlər olub"

Deputat 7-ci sinifdə oxuyanda baş verən bir hadisədən söz açıb: "Qoluma saat taxırdım, atam almışdı. Onda da tək-tük uşaqda qol saatı olardı. Hərdən sinifdə uşaqlar məndən tənəffüsün vaxtını soruşardılar. Bir dəfə soruşdular, saata baxıb əlimlə 5 dəqiqə qaldığını işarə etdim. Elə bu an müəllim mənə elə sillə vurdu ki, gözümdən qığılcım çıxdı. Dedi, bu saatı məktəbə bir də gətirsən, qıracağam. Səhvimi başa düşdüm və daha gətirmədim. Valideynlərim isə o silləyə görə müəllimə bir kəlmə də söz demədilər. O vaxtlar bu adi bir şey idi. Müəllim sərhədi gözləməlidir, amma şagird də müəllimin belinə çıxmamalıdır. Həmişə deyirəm ki, belə az maaşla bizim övladlara dərs deyən insanlar milli qəhrəmandırlar. Bizim hamımızı adam edən müəllimlər olub. Onları sevmək lazımdır”.



"Müəllimlər uşaqların cibinə 5-10 manat pul qoyurdular"

Millət vəkili Araz Əlizadə isə heç vaxt məktəbdə döyülmədiyini deyib: “Hansısa müəllimin ağlına gəlməzdi ki, bizə əl qaldırsın. İndi uşaqlar da, müəllimlər də tərbiyəsiz olublar. Çünki tərbiyəsiz uşaq böyüyüb, tərbiyəsiz müəllim, həkim, mühəndis olub. Hər şey ailədən başlayır. Əgər ailədə uşağa tərbiyə vermirlərsə, mümkün deyil ki, o adam tərbiyəli olsun. Bizdə müəllimlər bütün uşaqlara öz övladları kimi baxırdılar. Mən ali məktəbdə oxuyanda bir hadisənin şahidi oldum. Bizimlə oxuyan bəzi tələbələrin imkanları yox idi. Müəllimlər xəbər tutanda ki, hansısa tələbənin imkanı yoxdur, hərdən onların ciblərinə 5-10 manat pul qoyurdular ki, oxusunlar, oxumağı atmasınlar. Ancaq bir müddət sonra müəllimlər başladılar uşaqlardan rüşvət almağa. Cəmiyyət bu cür dəyişdi. İndi müəllim gözləyir ki, şagird ona nə qədər pul verəcək”.



"Sinif yoldaşıma bıçaqla xəsarət yetirmişdim"

Deputat Fəzail Ağamalı fiziki və ya psixoloji təzyiq göstərən müəllimləri şiddətlə qınayıb: “Mən insana qarşı fiziki və ya psixoloji güc göstərməyin əleyhinəyəm. Müəllim heç bir halda təzyiq göstərməli deyil. Müəllim pedaqoq olmaqla bərabər psixoloq da olmalıdır. Əgər şagird istənilən səviyyədə müəllimin sözünə baxmırsa, davranışları qəbul edilən deyilsə, dərslərə hazırlıqlı gəlmirsə, bu zorakılığa, təzyiqə əsas yaratmır. Öyrənmək lazımdır ki, şagird nəyə görə özünü bu cür aparır. Bununla bağlı məktəbin psixoloqu ilə məsləhətlər aparmalı və onun əsasında valideyn, psixoloq və müəllim birlikdə işləməlidirlər".

Millət vəkilinin sözlərinə görə, təzyiqlərə, fiziki və psixoloji zorakılığa üstünlük verənlərə müəllimlik yaraşmır. Onlar orta məktəbdə işləməli deyillər.

"Mən ən sərt sistemin dövründə orta məktəbdə oxumuşam. Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam. Sinif yoldaşımla dalaşmışdım, ona gücüm çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim. Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar. Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam”.



"Özünü normal aparan şagirdi müəllim niyə danlamalıdır ki?"

Deputat Musa Quliyev təhsil aldığı illərdə şagirdlərin döyülməklə cəzalandırıldığını söyləyib: “Mən məktəbi 70-ci illərdə bitirmişəm. Və o illərdə sovet təhsil sistemində uşaqlara psixoloji, fiziki təzyiq göstərilməsi halları kifayət qədər geniş yayılmışdı. Ancaq mən bunları özümə qarşı görməmişəm. Özünü normal aparan şagirdi müəllim niyə danlamalıdır ki? Oxuduğum müddətdə şəklim həmişə şərəf lövhəsində olub. Orta məktəbi qızıl medalla bitirmişəm. Sinif yoldaşlarımdan kim ki intizamı pozurdu, onları müəyyən üsullarla cəzalandırırdılar. Ancaq bunlar əsasən aşağı siniflərdə olardı. Belə hallarla yuxarı siniflərdə qarşılaşmamışam”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti