Baş prokurorun müavini beynəlxalq konfransda iştirak edib

Baş prokurorun müavini beynəlxalq konfransda iştirak edib
  18 Aprel 2019    Oxunub:1566
Aprelin 17-də Rusiya Federasiyasının Moskva şəhərində “Hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş İdarəsi və Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Rusiya Federasiyasının Baş Prokurorluğu, Xarici İşlər Nazirliyi və Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Vitse-prezidenti qismində Assosiasiyanı təmsil edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Rusiya Federasiyası Baş Prokurorunun birinci müavini Aleksandr Busmanın, Avropa Şurasının İnsan Haqları və Qanunun Aliliyi Baş İdarəsinin Baş direktoru Xristos Yukomolosun, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) prezidenti Marin Mrçelanın və digər ali vəzifəli nümayəndələrin iştirak etdiyi tədbirin yüksək səviyyəli seqmentində çıxış edən Kamran Əliyev Rusiya Federasiyası Baş Prokurorluğunun təmsil etdiyi Beynəlxalq Prokurorlar Assosiyasiyasının işinə verdiyi töhfələrin, eləcə də Assosiyasiyanın rəsmi saytının Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan rus dili versiyasının hazırda Rusiya Federasiyasının Prokurorluğu tərəfindən davam etdirilməsinin qurum tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Bununla yanaşı, Kamran Əliyev ölkəmizdə də aparılan sistemli korrupsiyaya qarşı mübarizə siyasəti, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməkdə olan geniş məhkəmə-hüquq islahatları barədə iştirakçılara məlumat verərək bu siyasətin mühüm hissəsini beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkil etdiyini vurğulamış, qeyd edilənlərə bariz nümunə kimi təmsil etdiyi Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluq orqanları arasında yüksələn xətt üzrə inkişaf edən səmərəli tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu göstərib.

K.Əliyev çıxışında həmçinin təmsil etdiyi beynəlxalq qurumun maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində fəaliyyətinin təşkili ilə bağlı ümumi məsələlərə də toxunmuş, iştirakçılara rəhbərlik etdiyi Assosiyasiyanın “Korrupsiyaya qarşı mübarizə üzrə Prokurorlar Şəbəkəsi”nin (NACP) fəaliyyəti barədə geniş məlumat verib.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə Rusiya Federasiyası Baş prokurorunun birinci müavini Aleksandr Busman, Yunanıstan Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Kseni Dimitriou-Vasilipolu və digər ölkələrin, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri arasında ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda tədbirin proqramına uyğun olaraq edilmiş məruzələr müzakirə edilib, hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Tədbir müddətində Kamran Əliyev həmçinin, Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə də görüşərək onların təhsili ilə maraqlanıb, tələbələri maraqlandıran sualları cavablandırıb.



Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti