Kommunal xidmət limitləri ilə bağlı yeni qərar

  17 Aprel 2019    Oxunub : 8228
Kommunal xidmət limitləri ilə bağlı yeni qərar
“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiq edilib.

Azvision.az -ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri üç ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bundan əlavə, kommunal xidmət göstərən müəssisələr iki ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra iki ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Kommunal-Xidmət   Limit   Qərar