Ərdoğanın kürəkəninin Trampla sürpriz “S-400” görüşü

  16 Aprel 2019    Oxunub : 1603
 Ərdoğanın kürəkəninin Trampla sürpriz “S-400” görüşü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, maliyə naziri Berat Albayraq “G-20” (“Böyük iyirmilik”) tədbirində iştirak üçün Vaşinqtona səfəri çərçivəsində əvvəlcədən planlaşdırılmamış şəkildə Ağ Evdə ABŞ prezidenti Donald Trampın qonağı olub.
Azvision.az “NTV”yə istinadən xəbər verir ki, görüşdə həmçinin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, eləcə də, Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner də iştirak ediblər.

Sürpriz görüşdən sonra jurnalistlərə açıqlamasında Albayraq bildirib ki, Trampla ABŞ-Türkiyə ikitərəfli münasibətlərini və Ankaranın Rusiyadan “S-400” zenit-raket komplekslərini almasını müzakirə ediblər.

““S-400”lərə görə ölkələrimiz arasındakı gərginliyə rəğmən görüş kifayət qədər konstruktiv və pozitiv keçdi. Cənab prezidentimizin (Ərdoğanın) mesajlarını ABŞ prezidentinə çatdırdıq və qarşılığında onlardan da müsbət bir yanaşma gördük. Türkiyəyə geri qayıtdığımda lazımi mesajları prezidentimizə çatdıracağam”,– deyə Albayraq vurğulayıb.

ABŞ prezidentinin tarixdə ilk dəfə Türkiyənin hansısa naziri ilə təkbətək danışıqlar aparmasına toxunan Albayraq vurğulayıb ki, bu görüş ABŞ-ın Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir.




Leyla Elbrusqızı
Azvision.az

Teqlər: ABŞ   Türkiyə   Ərdoğan