Nardaranda əl qumbarası, patron və avtomat darağı tapılıb

Nardaranda əl qumbarası, patron və avtomat darağı tapılıb
  14 Aprel 2019    Oxunub:2053
Aprelin 13-də saat 13:10-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində bir ədəd əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Qurumun mütəxəssisləri və DSX-nin əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 14 ədəd 5,45 millimetrlik patron və 1 ədəd AK-74 avtomatının darağı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı obyektlərin ətrafında 2500 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər:





Xəbər lenti