ATƏT: `Prezidentlər razılığa gəlib`

ATƏT: `Prezidentlər razılığa gəlib`
  20 Noyabr 2013    Oxunub:914
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini aktivləşdirmək barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini aktivləşdirmək barədə razılığa gəliblər.

AzVision.az ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Minsk qrupunun bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezidentlər təkbətək görüşdə və sonra həmsədrlər və nazirlərin iştirakı ilə aparılan məsləhətləşmələrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər:

"Prezidentlər münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa yönəldilmiş gələcək danışıqlara təkan vermək barədə razılığa gəlib və xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə sülh prosesinin intensivləşdirilməsi üçün daha əvvəl görülənlər əsasında işi davam etdirməyi tapşırıblar".

Bəyanatda qeyd olunur ki, görüşdə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Prezidentlər münaqişənin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Vyanadakı görüşü 2012-ci ilin yanvarında Soçidə keçirilmiş sammitdən sonra prezidentlərin ilk görüşü olub.


Teqlər:  





Xəbər lenti