Prezident böyük işlər görür, xalqın etimadı daha da artır

Prezident böyük işlər görür, xalqın etimadı daha da artır
  11 Aprel 2019    Oxunub:2766
Azərbaycanda keçirilən prezident seçkilərindən bir il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə 86,02 faiz səs toplayan İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçilib. Son bir il ərzində prezident bir sıra mühüm əhəmiyyətli sərəncam və fərmanlar imzalayıb, inqilabi hesab olunan işlər görüb.
Son il ərzində ölkəmizdə görülən işləri yüksək qiymətləndirən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir və görülən işlər nəticəsində ötən bir il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir:

“Bu uğurları təmin edən əsas cəhət isə əlbəttə ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra keçən müddət ərzində Azərbaycan dövlətinin yeritdiyi siyasətdir. Bu siyasət "Heydər Əliyev siyasəti" adlanır. Bu siyasətin davamlılığının təmin olunması və Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin bu siyasəti dəstəkləməsi bu günə qədər olduğu kimi, son bir ildə də əldə etdiyimiz nailiyyətlərin əsas bünövrəsi kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin bu siyasətə əsaslanan, 2003-cü ildən davam edən fəaliyyəti nəticəsində Azərbaycan regionun, dünyanın inkişaf edən, nüfuzlu ölkələri sırasına qoşulub, siyasi, hərbi, iqtisadi, sosial, mədəniyyət, humanitar və digər sahələrdə həm ölkə daxilində, həm də xaricində mühüm nailiyyətlər əldə olunub. Təbii ki, həyata keçirilən bütün bu çoxşaxəli siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı, vətəndaş hüquq və azadlıqlarının təmini üçün yaradılan şərait, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bütün bunlar üçün də ən vacib amil olan Azərbaycandakı mövcud ictimai-siyasi sabitlik dayanır”.

Vitse-spiker vurğulayıb ki, istənilən ölkədə bütün bu sadalananlar olmadan hər hansı uğurdan, inkişafdan danışmaq mümkün deyil: “Cənab Prezidentin son bir ildəki fəaliyyəti nəticəsində isə Azərbaycanda vətəndaş məmnunluğu ən yüksək həddə çatıb. Bu illər ərzində həyata keçirilən planlı, məqsədyönlü, ardıcıl, davamlı və dayanıqlı islahatların ümumi nəticəsi bu gün özünü Azərbaycan insanının, vətəndaşının həyatında aydın şəkildə özünü göstərməkdədir. Görülən işlər bütün vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində, müxtəlif həssas qrupların, qayğıya və diqqətə ehtiyacı olan təbəqələrin, canını Vətən yolunda qurban verməyə hazır olan Azərbaycan əsgərinin həyatında, eləcə də gənclərin həm ölkənin həyatında rolunun artırılmasında, həm də dövlət qurumlarında müxtəlif səviyyələrdə işə cəlb olunmasında, qadınların cəmiyyət və dövlət həyatında rolunun artırılmasında və s. özünü büruzə verib. Azərbaycan Prezidentinin son bir ildə fəaliyyətinə toxunarkən daha sıx prezident-xalq birliyini, bu birliyin istənilən çağırışa, təhlükəyə qarşı dayandığını aydın şəkildə görə bilərik. Təsadüfi deyil ki, Fransanın nüfuzlu “Opinion Way” təşkilatının keçirdiyi rəy sorğusunda da xalqın Azərbaycan Prezidentinə getdikcə artan dəstəyi öz əksini tapıb. Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir ki, bu da bütün bu görülən işlərin nəticəsidir".

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan son 16 ildə olduğu kimi, 2018-ci ildə də iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənib:

““İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə...” - deyən Prezident İlham Əliyev bu ilin ilk 2 ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi islahatlara imza atıb. 3 milyondan çox vətəndaşımızın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əməkhaqqı və minimum pensiyanın 40 faiz artması, sosial müavinətlərin iki dəfə artması, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artması, tələbələrin təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəlib. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin parlaq nümunəsidir. Sadalanan bu faktlar Azərbaycanın inkişaf, tərəqqi, sabitlik ölkəsi olduğunun, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla irəlilədiyinin əyani sübutudur”.

M.Qurbanlı qeyd edib ki, Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində əsasını qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir: “Bu siyasət dünya ölkələri tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bütün bunlar ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür. Ölkəmizdə dövlət başçısı tərəfindən müəyyən edilən dövlət-din münasibətlərinin yüksələn xətlə inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir, milli-mənəvi və ənənəvi dini dəyərlərimizi cəmiyyətə düzgün şəkildə çatdırmaq məqsədilə mütəmadi maarifləndirici tədbirlər, beynəlxaq səviyyəli konfranslar keçirir və keçirməkdədir”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, son bir il ərzində Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, fərman və sərəncamları inqilabi xarakter daşıyır:

“Bu istiqamətdə atılan addımlar müqayisəyəgələmzdir. Bilirsiniz ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Bütün bunlarla yanaşı bu ilin əvvəlindən minimum pensiyanın, minimum əməkhaqqının artırılması da vacib məqamlardan biridir. Fevralın 25-də dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı nəticəsində aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli dərəcədə artırılıb. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır”.

H.Rəcəbli vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır: “Ölkəmizdə bir sıra sosial müavinət növü var ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis edilib. Eyni zamanda, sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Bütün bunlar dövlətimizin uğurlu sosial siyasətinin ifadəsidir”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Prezident   1il  





Xəbər lenti