Azərbaycanda miqrasiya prosesləri müzakirə edilib

  09 Aprel 2019    Oxunub : 870
Azərbaycanda miqrasiya prosesləri müzakirə edilib
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində “Müasir Azərbaycanda miqrasiya prosesləri” mövzusunda seminar keçirilib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, aparatın şöbə müdiri Faiq Ağayevin, Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai şuranın sədri Azər Allahverənovun, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü, DMX yanında İctimai şuranın katibi Kənan Bağırovun da qatıldığı həmin tədbirdə Liderlik Məktəbinin üzvləri, müəllimlər və valideynlər iştirak ediblər.

F.Ağayev çıxış edərək, bu günlərdə qeyd etdiyimiz Aprel Qələbəsi, Azərbaycan Ordusunun bu şanlı tarixi səhifəni yazmasında göstərdiyi şücaəti, soydaşlarımızın işğaldan azad olunmuş doğma ata-baba torpaqları olan Cocuq Mərcanlıya qayıtması, onlar üçün dövlətimiz tərəfindən müvafiq infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən tədbirlər, təşkilatın üzvlərinin Müvəkkil ilə birlikdə həmin qəsəbəyə səfərləri barədə məlumat verib. Həmçinin Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması vurğulanaraq, bunun xalqımız üçün önəmli bir hadisə olması qeyd edilib.

O, ölkəmizdə miqrantların hüquqlarının təmini və müdafiəsi istiqamətində görülən işlər, Ombudsmanın bu sahədə çoxşaxəli fəaliyyəti, o cümlədən Dövlət Miqrasiya Xidməti, BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı ilə bağlı ətraflı məlumat verib.

Miqrasiya üzrə ekspert, DMX yanında İctimai şuranın sədri Azər Allahverənov isə öz çıxışında dövlətimizin miqrasiya siyasəti, miqrant qrupları, onların müəyyən edilməsi şərtləri, insanların miqrasiya etmə səbəbləri, Azərbaycanda olan beynəlxalq qaçqınlar və onlarla aparılan işlər, miqrasiya sahəsi ilə bağlı statistik göstəricilər, miqrasiya saldosu və digər məsələləri diqqətə çatdrıb.

Daha sonra çıxış edən Kənan Bağırov 2015-ci ildən DMX yanında İctimai şuranın üzvü olaraq miqrasiya proseslərində AUGSŞ aktiv iştirak etməsi, müxtəlif məsələlərlə bağlı təkliflərin mütəmadi olaraq Şuraya verilməsi, vətəndaşların qarşılaşdıqları çətinliklərlə bağlı onlara lazımi dəstəyin göstərilməsi, eləcə də miqrasiya mövzusunda müxtəlif vaxtlarda maarifləndirmə tədbirlərinin keçirildiyi haqqında məlumat verib və bu sahənin şəbəkənin fəaliyyətində prioritet istiqamətlərdən biri olmasını qeyd edib.

Qonaqlar belə bir aktual mövzuya həsr olunmuş seminarın təşkilinə və faydalı fikir mübadiləsinə, eləcə də Liderlik Məktəbində uşaq və gənclərin intellektual səviyyəsinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Ombudsmana təşəkkürlərini bildirib, uşaqların çoxsaylı suallarını cavablandırıblar.

Azvision.az

Teqlər: Miqrasiya   DMX