Con Kerri: `Prezidentlərin görüşü üçün çalışırıq`

Con Kerri: `Prezidentlərin görüşü üçün çalışırıq`
  19 Noyabr 2013    Oxunub:828
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb.

“Təxminən iki gün bundan öncə, daha dəqiq desəm son 72 saat ərzində həm prezident Əliyev, həm də prezident Sarkisyanla telefon əlaqəsi saxladım. Məlum olduğu kimi onlar çox qısa bir müddətdən sonra görüşəcəklər”. AzVision.az-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri, Türkiyənin xarici işlər naziri Ə. Davudoğlu ilə Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsinə həsr olunmuş görüşdən sonra keçirdikləri mətbuat konfransında bildirib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edən ABŞ dövlət katibi irəliləyən saatlarda Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçiriləcək görüşə də münasibət bildirib.

“Prezidentlərin görüşü üçün çalışırıq və bundan sonra da tərəflər arasında danışıqların davam etdirilməsində səylərimizi davam etdirəcəyik”- deyən Con Kerri Azərbaycan və Ermənistan prezidentləri arasındakı danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini söyləyib.

ÖZ növbəsində Türkiyə XİN rəhbəri Ə. Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inamını ifadə edib.

“İnanırıq ki, bu dondurulmuş münaqişə tezliklə həllini tapacaq. Qafqaza və bu bölgəyə sülh gələcək. Biz prezidentlər Əliyev və Sarkisyanın görüşünün uğurlu olacağına ümid bəsləyirik”.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti