Şəkidə taxıl sahələrində xəstəlik aşkarlanıb

Şəkidə taxıl sahələrində xəstəlik aşkarlanıb
  09 Aprel 2019    Oxunub:1634
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən müxtəlif xəstəliklərə və zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, Şəki rayonunun Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayon ərazisindəki payızlıq taxıl sahələrində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr aparılır, alaq otlarına və taxıl böcəklərinin sürfələrinə qarşı fermerlər tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu günə qədər 42 650 hektar sahədə alaq otlarına qarşı fitosanitar müşahidələr aparılıb, 40 100 hektar sahədə sirayətlənmə aşkar edilib və 32 600 hektar taxıl sahəsində sirayətlənməsi İqtisadi Zərərvurma Həddində (15-20 əd/kv.m) olduğu üçün kimyəvi mübarizə aparılıb.

Fermerlər tərəfindən həyata keçirilən kimyəvi mübarizə tədbirləri zamanı ikiləpəli alaqlara qarşı veeb-super (0.02 kq/ha), wed-killer (1.6-2 l/ha), 2.4 D amin (1.5-2 l/ha), kalamitu (0.015 l/ha), birləpəli alaq otlarına qarşı isə topçup (0.3 l/ha), cowboy (0,2 l/ha), axial (1.0 l/ha) və koropik (0.2 l/ha) herbisidlərindən istifadə edilib.

Taxıl böcəyi sürfələrinə qarşı 580 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 520 hektar sahədə sirayətlənmə aşkar edilib. 460 hektar sahədə zərərverici ilə sirayətlənmə İqtisadi Zərərvurma Həddində (3-4 əd/kv.m) olduğu üçün fermerlər tərəfindən maestro (0.3 l/ha); valsamba (0.25 l/ha); shaolin (0.02 l/ha), siperkor (0.4 l/ha) desis (0.3 l/ha), korumakor (1.5 l/ha) insektisidlərindən istifadə olunmaqla, kimyəvi mübarizə aparılıb.

Apardılan fitosanitar müşahidələr göstərir ki, fermerlər tərəfindən görülən kimyəvi mübarizə tədbirlərinin bioloji səmərəliliyi yüksəkdir. Mübarizə tədbirlərinin aparılmasında texniki təhlükəsizlik qaydalarına və tətbiq edilən pestisidlərin reqlamentinə ciddi əməl olunur.

Mart ayının üçüncü ongünlüyündə hava şəraitinin yağmurlu keçməsi taxılın xeyli inkişaf etməsinə əlverişli şərait yaradıb. Bu səbəbdən də hazırda taxılın böyümə və inkişafı normaldır. Bir çox sahələrdə yağışdan sonra pirenoforoz (sarı ləkə) xəstəliyi inkişaf edib və bununla bağlı fermerlərə lazımi tövsiyələr verilib. Taxıl sahələrində son günlərə qədər pas xəstəlikləri müşahidə edilməyib. Lakin havanın yağmurlu və aşağı temperaturda keçməsi davam edərsə, yaxın günlərdə pas xəstəliklərinin inkişafı proqnozlaşdırılır. Odur ki, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri və fermerlər tərəfindən pas xəstəliklərinə qarşı davamlı müşahidələr aparılır.

Qeyd edək ki, 2018-ci ildə Şəki-Zaqatala bölgəsində sarı pas xəstəliyi geniş yayılaraq epifitotiya xarakteri alıb və Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəhbərliyi ilə rayon üzrə 6540 ha-da kimyəvi mübarizə aparılıb.

Azvision.az


Teqlər: KTN   Taxıl  





Xəbər lenti