Dövlət bank faizlərinə qarışmalıdırmı? - TƏHLİL

   Dövlət bank faizlərinə qarışmalıdırmı? -    TƏHLİL
  09 Aprel 2019    Oxunub:5414
Ölkədə bankların təklif etdikləri kredit faizləri üzrə dərəcələrin yüksək olduğu, dəqiq desəm, tələb ilə təklifin nisbətinə dair qanuna uyğun gəlmədiyi yeni vəziyyət deyil. Bu mənzərə çoxdan - bank sektoru yeni təşəkkül tapdığı vaxtdan etibarən hökm sürməkdədir. Kökündə isə çoxlu səbəblər dayanır.
Bəli, bu səbəblər sırasında risk amili də var, tələb də yüksəkdir, maliyyə çatışmazlığı problemi də mövcuddur, yüksək gəlir əldə etmək istəyi də yox deyil və sair... Ancaq bütövlükdə, kredit faizlərinin yüksək olması ölkə iqtisadiyyatı ilə bağlı məsələdir. Başqa sözlə desəm, insanın hər hansı xəstə orqanını bədəndən kənara çıxarıb, müalicə etmək mümkün olmadığı kimi, banklarla əlaqəli problemləri də əlahiddə çözmək absurd istək və ideyadır.

Ümumiyyətlə, bizdə nədənsə hərdən sanki unudulur ki, iqtisadiyyatımız bazar qanunları əsasında fəaliyyət göstərir və bazar şəraitində, mühitində yaşayırıq. Belə ki, “itki varsa, bunu mütləq dövlət və hökumət ödəməlidir, problem, maneə və yaxud sədd varsa, bunu da dövlət və hökumət aradan götürməlidir” düşüncəsi olduqca səhv yanaşmadır və müəyyən mənada təfəkkür çatışmazlığıdır.

Bank sektorunun ən böyük dərdi problemli kreditlər məsələsi idi ki, dövlət buna müdaxilə etdi. Prezident tərəfindən xalqa hədiyyə olan addımla çox mürəkkəb bir məsələ həllini tapdı. Halbuki, dövlət başçısının da qeyd etdiyi kimi, bu, sadə məsələ deyildi. Dövlət çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll edə bilərdi. Sadəcə, ortada iqtisadiyyatın öz qanunları və məsuliyyət, cavabdehlik məsələləri var idi.

Problemli kreditlərin məbləği bir ara bütövlükdə az qala 2 milyard manata çatırdı. Bu, hansı səbəblərdən yaranmışdı? Sözsüz ki, həm də kredit faizlərinin yüksək olması səbəbindən. Azərbaycanda kommersiya banklarının təklif etdikləri kredit faizləri heç vaxt birrəqəmli səviyyədə olmayıb. Bir çox hallarda nəinki 10%-dən yuxarı, 20-25%-in üstündə olub və olmaq da davam edir. Ona görə də, borc vəsaitlərinin geri ödənişində çətinliklər daim var idi və iqtisadi vəziyyət pisləşən kimi bunlar daha da ağırlaşdı.

İndi də bir müddətdir kredit faizlərinə də dövlətin müdaxilə etməli, yəni müəyyən bir sədd qoymalı olduğu haqda söhbət gedir. Yəni, ''Banklar haqqında'' qanuna dəyişiklik edilməklə, kredit faizinin və bu sahədə digər xərclərin həddinin dövlət qurumu tərəfindən müəyyənləşdiriləcəyi söylənilir. Bu, həqiqətə uyğundurmu? Uyğundursa, düzgündürmü?

Birmənalı olaraq qeyd edim ki, xeyr. Sözügedən məsələnin inzibati həll yolu yoxdur və ola da bilməz. Bu, bank sektorunun boynuna qarmaq keçirmək kimi bir addım ola bilər. Onsuz da banklar normal və sərbəst fəaliyyət göstərə bilmirlər. Yəni, manevr imkanları məhduddur. Bunun üçün tələb olunan səviyyədə nə müştəri kontingenti, nə də sərbəst vəsait resurslarına çıxmaq imkanı var.

Ümumiyyətlə, məlumdur ki, Mərkəzi Bankın (AMB) uçot dərəcəsi kredit faizlərinə təsir göstərmir. Odur ki, sual edirəm: iqtisadi rıçaq işləmədiyi halda, inzibati müdaxilə necə müsbət effekt verə bilər? İkincisi, bankların kredit resursları üçün əsas maliyyə mənbəyini depozitlər təşkil etdiyindən, kredit faizlərinə məhdudiyyət qoyularsa və aşağı salınarsa, o zaman əmanətlər üzrə cəlbedicilik siyasəti necə həyata keçiriləcək? Məlumdur ki, banklar depozitlər üzrə stimullaşdırıcı siyasət yürütməyə çalışırlar. Hələ bununla belə, əmanətlərin yerləşdirilməsində real vəziyyət bir çox mənalarda qeyri-qənaətbəxşdir və dərin disbalans hökm sürür. Əgər kredit faizləri aşağı salınarsa, depozitlər üzrə faiz dərəcələri də endiriləcəyindən, vəziyyət necə olacaq?

Üçüncüsü, yuxarıda da qeyd etdim ki, bizdə iqtisadiyyatın bazar sistemi əsasında çalışdığını unuduruq, bu mənada maliyyə resursları üzrə qiymət səviyyəsi AMB-in uçot dərəcəsiylə tənzimləndiyi halda üstəlik, kreditlərə faiz tavanı siyasəti də yürüdülərsə onda görəsən, bu, nəyə xidmət göstərəcək - tələbə, yoxsa təklifə?

Nəhayət, dördüncüsü, ümumiyyətlə kredit faizlərinə tavan siyasəti yürüdüləcəksə və bu sahədə aşağı və hündürlük səviyyəsi haqda qərarlar qəbul ediləcəksə, bu, maliyyə bazarının tamamilə dövlətin diqtəsi altına keçməsi demək olmayacaqmı? Onsuz da onun bir çox seqmentləri nəzarət altındadır. Məsələn, valyuta bazarımız... Manatın kursu faktiki AMB tərəfindən müəyyən edilir. Sabah kredit faizlərini də AMB və yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edəcəksə, onda maliyyə bazarında tələbə ilə təklifin nisbəti nə rol oynayacaq?

Bütün bu suallara cavab tapılmalıdır. Soruşula bilər ki, bəs, çıxış yolu nədədir? Birincisi, kredit özü pul şəklində əmtəədir və maliyyə vəsaitidir, yəni alınıb, satılır. Deməli, dəyəri və qiyməti var. Və bunu bazar, yəni tələb ilə təklifin nisbəti qanunu müəyyən edir, etməlidir də. Odur ki, bu məsələ inzibati yolla tənzimlənə bilməz, tənzimlənməli deyil də.

İkincisi, maliyyə bazarı iqtisadiyyatın barometri sayılır, ona genişmiqyaslı müdaxilə yolverilməzdir. Belə ki, insanın səhhəti ilk növbədə təzyiqin ölçülməsiylə müəyyən edildiyi kimi, mövcud iqtisadi durum da maliyyə bazarındakı atmosferə uyğun təyin olunur.
Üçüncüsü, kredit faizlərinə ən güclü və real təsir edən vasitə əslində AMB-nin uçot dərəcəsi olmalı olduğundan, inzibati müdaxilə problemi yalnız konserviləşdirmək və xəstəyə süni nəfəs verməkdən başqa bir addım olmayacaq.
Dördüncüsü, bankların kredit resursları üzrə təklif siyasətinə ümumiyyətlə, qarışmaq düzgün deyil, o mənada ki, pul vəsaiti nə qədər bahalı şəkildə təklif edirlərsə demək, ya tələb səviyyəsi yüksəkdir, ya da risk.
Beşincisi isə, bankın işinə dövlət qarışmalı deyil, nə itkisi baxımından, nə də onun gəliri sarıdan. Bazar sistemi məhz bunu tələb edir.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Bank-faizləri   Kredit-faizləri  





Xəbər lenti