“Yenilənən Azərbaycan” layihəsi: İqtisadi inkişaf üçün məhkəmə

      “Yenilənən Azərbaycan” layihəsi:    İqtisadi inkişaf üçün məhkəmə
  06 Aprel 2019    Oxunub:5642
Son aylar Azərbaycanda sürətlə genişlənən islahatlar dalğası bu həftə yeni bir sferaya da keçdi - Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladı. Bu, çoxdan gözlənilən bir addım idi, çünki dövlətin müxtəlif sferalarında gedən yenilənmə, dəyişiklik bir-birini tamamlamalıdır. Birtərəfli islahat isə heç vaxt sonacan uğurlu ola bilməz.
Ölkədə son aylarda görülən böyük işlər isə artıq məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başladılmasını diqtə edirdi. Çünki inkişaf edən, azad iqtisadiyyatı olan, insan hüquqlarına önəm verilən cəmiyyətlərdə məhkəmə hakimiyyətin çox vacib bir qoludur. Bütün mübahisələr məhkəmələrdə həllini tapmalıdır. Bunun üçünsə məhkəmələr daha peşəkar, çevik, şəffaf, ədalətli və intensiv işləməlidirlər. Fərman da elə bütün bunların təmin edilməsini nəzərdə tuturdu.

Çağdaş dövlətlərdə məhkəmə sadəcə bir rəsmi instansiya kimi qalmamalı, ictimai təfəkkür tərzinin elementinə çevrilməlidir. Müasir, azad dövlətin vətəndaşı bilməlidir ki, istənilən hüquqi mübahisə ancaq və ancaq məhkəmədə həll olunur.

Vətəndaşın pozulan hüquqlarını hər zaman məhkəmə yolu ilə bərpa etmək imkanı olmalıdır. Bunun üçünsə bir neçə şərt tələb olunur: Əvvəla, vətəndaşın məhkəməyə və hüququn aliliyinə inamı artmalıdır. İkincisi, bu inam mütləq doğrulmalıdır – yəni məhkəmələr operativ və şəffaf bir qurum olmalıdırlar. Üçüncüsü, vətəndaşın məhkəməyə müraciət prosesi asanlaşmalı və sadələşməlidir, heç bir süründürməçilik olmamalıdır. Dövlət baçısının imzaladığı fərman da bütün bunların təmin edilməsinə yönəlmişdi.

Digər tərəfdən, iqtisadiyyatın inkişafı üçün də azad və effektiv məhkəmə hakimiyyətinin böyük önəmi var. Çünki sahibkar hər zaman əmin olmalıdır ki, mülkiyyət və digər hüquqlarını qoruya biləcək, investisiyasını risk altında qoymayacaq. Ona görə də, Fərmanda ilk növbədə sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması gəlirdi. Vurğulanırdı ki, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər baxmalıdırlar. Bütün bunlardan əlavə, sırf sahibkarların üzləşdikləri mübahisələrin həlli üçün xüsusi ixtisaslaşmış məhkəmələrin yaradılması da nəzərdə tutulur.

Bu, açıq-aydın mesajdır ki, dövlət məhkəmə-hüquq islahatları ilə ilk növbədə sahibkarları qorumaq istəyir. Kimdən? Onların hüququnu pozmağa cəhd edə biləcək hər kəsdən, o cümlədən də vergi, gömrük, müxtəlif yoxlamalar keçirən qurumlardan. Yəni lap sadə desək, bundan sonra sahibkar özünü məhkəmə yolu ilə də haqsız məmurlardan müdafiə edə biləcək.

Hakimlərin həm sayı artırılır, həm də sosial təminatı, özü də çox ciddi şəkildə. Onun tərəflərlə bütün qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq. Baxılası işlər isə təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürüləcəklər. Bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılacaq. Yəni sadə desək, hakimin həm təminatı yaxşılaşdırılır ki, rüşvət almaqda maraqlı olmasın, həm də paralel olaraq, rüşvət almaq imkanları tamamilə məhdudlaşdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, “Qaynar xətt”in yaradılması isə məhkəmələrin işinə ictimai nəzarət imkanlarını xeyli artırır və genişləndirir.

Eyni zamanda, Fərmanda nəzərdə tutulan məsələlərin həlli vəkillərin qarşılaşdıqları çətinlikləri də aradan qaldıracaq ki, bu da vətəndaşlarının daha keyfiyyətli hüquqi yardım almasını asanlaşdıracaq.

Bütün bunlar o deməkdir ki, biz təxminən ilin sonuna qədər Azərbaycanda tamamilə yenidən qurulmuş, effektivliyi, şəffaflığı və ədalətliyi xeyli artırılmış bir məhkəmə sistemi görəcəyik. Bu, həm vətəndaşların hüquqlarının daha yaxşı təmin olunmasına təkan verəcək, həm də ayrıca sahibkarların hüquqlarını qorumaqla iqtisadi inkişafın davamlığını təmin edəcək.

Yəni bir sferada başlayan islahatlar o biri sferalarda da balanslı şəkildə davam etdirilir. Ölkə tam şəkildə, kompleks halda irəliyə aparılır. Bu isə öz növbəsində ondan xəbər verir ki, islahatlar doğrudan da ciddi, dərin, şaxəli və kompleks xarakterli olmaqla, yeni dövlət mexanizmi qurmağa hədəfləniblər. Biz buna geniş mənada “Yenilənən Azərbaycan” layihəsi də deyə bilərik.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: İslahat   Məhkəmə  





Xəbər lenti