"Zərərli dini ideyalar yaymayan icmalara dəstək göstərilir"

"Zərərli dini ideyalar yaymayan icmalara dəstək göstərilir"
  03 Aprel 2019    Oxunub:1804
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov aprelin 3-də “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda dini sahədə həyata keçirilən uğurlu siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək istiqamətinə yönəldilmiş məqsədyönlü tədbirlər barədə danışıb. Sədr müavini bildirib ki, Azərbaycandakı nümunəvi multikultural və birgəyaşayış modeli artıq dünyada təcrübədən uğurla keçmiş nümunə kimi qəbul edilir. Tolerantlığın xalqımızın həyat tərzi olduğunu təsdiqləyən çoxsaylı misalların olduğunu vurğulayan S.Heydərov dövlət siyasətinin də bu gün məhz tolerantlıq ənənələrini yaşatmağa, onu yeni çalarlarla zənginləşdirməyə və inkişaf etdirməyə yönəldiyini deyib. O, eyni zamanda ölkəmizdə zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini diqqətə çatdırıb.

“Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının sədri Toni Breys Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, ölkəmizdə bütün dinlərin nümayəndələrinin bərabərhüquqlu fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradılmasının əyani şahidi olduğunu vurğulayıb. Bunu tolerantlığın bariz nümunəsi kimi qiymətləndirən qurumun sədri dini icmaya göstərilən dəstəyə və qayğıya görə minnətdarlığını bildirib.

Tərəfləri maraqlandıran bir sıra digər məsələlərin də müzakirə olunduğu görüşün sonunda qonaqlara Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizə qarşı törədilən vandalizmdən bəhs edən kitablar təqdim olunub.

Azvision.az


Teqlər: Din   Dövlət  





Xəbər lenti