Avropa İttifaqı Vyana görüşü ilə bağlı bəyanat yayıb

  Avropa İttifaqı Vyana görüşü ilə bağlı bəyanat yayıb
  01 Aprel 2019    Oxunub:3064
Avropa İttifaqı (Aİ) Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü ümidverici hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan rəhbərlərinin atəşkəs rejiminin gücləndirilməsinə və sülhə xidmət edən əlverişli şərait yaradılmasına sadiqliyi, eyni zamanda konkret nəticələrə yönəlik danışıqların davam etdirilməsi istiqamətində addımlar atmağa hazır olmalarını bəyan etmələri ümidvericidir.

Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı humanitar sahədə tədbirlərin hazırlanmasına dair Vyana razılaşmasının, əhalinin sülhə hazırlanması ilə bağlı iki ölkənin XİN rəhbərləri arasında 2019-cu il yanvarın 16-da Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbirsizliklə gözləyir.

Qeyd edək ki, martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Azvision.az



Teqlər: Avropa-İttifaqı  





Xəbər lenti