Baytarlıq Xidməti sahibkarlara müraciət edib

Baytarlıq Xidməti sahibkarlara müraciət edib
  29 Mart 2019    Oxunub:1518
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) heyvandarlıqla məşğul olan sahibkarlara infeksion xəstəliklərdən salmonellyozla bağlı (paratif) tövsiyə verib.
DBX-dan Azvision.az -a verilən məlumata görə, salmonellyoz (paratif), dayça, buzov, quzu, donuz balası (çoşqa), xəzdərili vəhşi quş və başqa heyvanların infeksion xəstəliyi olub, isitmə, mədə-bağırsaq sisteminin pozğunluğu, pnevmoniya ilə səciyyələnir. Salmonellyoza bütün növ kənd təsərrüfatı heyvanları və quşlarının başlıca olaraq körpə və cavanları tutulur. Salmonellyozla buzovlar 10 günlükdən 2 aya qədər və daha artıq, donuz balaları (çoşqalar) doğulan günündən 4 aylığa qədər, quzular və dayçalar ilk günlərdən 3 aylığa qədər xəstələnir. Bu xəstəliklə insanlar da yoluxur.

Xəstəliyik zamanı temperaturun yüksəlməsi, xəstənin zəifləməsi, ürək-damar fəaliyyətinin pozulması, nəbz və tənəffüsün tezləşməsi, hərəkət koordinasiyasının pozulması, tüklərin pırpızlaşması kimi əlamətlər görünür. Xəstə uzanır, başını ya uzadır, ya da köks qəfəsinə söykəyir, gözü yarımyumulu olur. Xəstəliyin 2-3-cü günlərində mədə-bağırsaq pozğunluqları başlayır. Nəcis kütləsi sıyıq, rəngi boz-sarımtıl, qanla qarışıq və bəzən selikli olur. Nəcisdə hava qovuqcuqları və pis iy olur. Heyvanda öskürək olmaqla ağciyərdə xırıltılar, küt səslər eşidilir. Temperatur 40,5-41,5°C-yə yüksəlməklə xeyli müddət davam edir. Xəstə arıqlayır, zəifləyir, yatır, uzanır, çənəsini yerə söykəyir, onda tədricən komatoz (halsızlıq) başlayır və 3-7 gün içərisində tələfat baş verir. Cəmdək tez çürüyür.

Xidmət bildirir ki, salmonellyoz əleyhinə ümumi profilaktika məqsədilə təsərrüfatlarda baytar-sanitar, yemləmə, saxlama şəraitinə ciddi fikir verilməli, xəstə heyvanlar ayrıca saxlanmalı və müalicəyə cəlb olunmalıdırlar. Bundan əlavə təsərrüfata xəstəliyi gətirə biləcək bütün vasitələrə baytarlıq nəzarəti gücləndirilməlidir. Digər təsərrüfatlarla əlaqə baytar həkiminin icazəsi ilə olmalıdır. Orqanizmin immun sistemini gücləndirmək üçün körpələrə bakterial preparatlar verilməlidir.

Təsərrüfatda dezinfeksiya, dezinseksiya və deratizasiya işini təşkil etməli, peyin biotermiki zərərsizləşdirilməli, süd pasterizasiya edilməli və cəmdəklər vaxtında zərərsizləşdirilməlidir. Xəstəlik zamanı bütün körpələr termometriya edilir, xəstələr və xəstəliyə şübhəlilər ayrılaraq simtomatik müalicəyə cəlb olunur. Sağlamlarda vaksinasiya aparılır.

Heyvanlarda salmonellyoz xəstəliyinə qarşı müalicə-profilaktika işləri heyvan sahibinin hesabına aparılır. Dövlət Baytarlıq Xidməti bildirir ki, salmonellyozun müalicə-profilaktikasında istifadə olunan dərman vasitələri baytar həkiminin təyinatı (resepti) ilə baytarlıq apteklərindən alınmalı və iştirakı ilə heyvana tətbiq olunmalıdır.

Azvision.az


Teqlər: DBX  





Xəbər lenti