Kəmaləddin Heydərov: “Yanğın dönərxanadan başlayıb”

 Kəmaləddin Heydərov:  “Yanğın dönərxanadan başlayıb”
  28 Mart 2019    Oxunub:2813
"Diqlas"dakı yanğın ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başlayıb.

Azvision.az -ın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib.
Nazir qeyd edib ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunduğunu deyən nazir bildirib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb.

K.Heydərov deyib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.

Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanğının ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyünü vurğulayıb. O, hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görüləcəyini və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirib.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti