Transxəzər layihəsi qaçılmazdır – TƏHLİL

  27 Mart 2019    Oxunub : 3558
 Transxəzər layihəsi qaçılmazdır – TƏHLİL
ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova göndərdiyi təbrik məktubunda yazıb ki, Xəzər dənizinin hüquqi statusu artıq, müəyyən edildiyindən, Türkmənistanın öz qazını Qərbə ixrac etmək üçün mövcud imkanlardan istifadə edəcəyinə ümidlidir. Söhbət Azərbaycanda olan infrastruktur imkanlarından gedir. Bu imkan bilavasitə dövlət başçımız İlham Əliyevin səyi nəticəsində böyük həcmdə investisiya yatırılaraq, illər ərzində qazanılıb.

Keçən ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanı mətbuat üçün şərh edərkən bildirmişdim ki, bununla da Orta Asiyadan enerji resurslarının ölkəmiz üzərindən Avropaya daşınması üçün boru kəmərlərinin çəkilməsi perespektivinin də gerçəkləşməsi işi yaxınlaşmış oldu. Söhbət Xəzərin dibindən gedir. Yəni, Trans-Xəzər qaz kəmərinin çəkilməsi kimi bir məsələdən. Odur ki, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın Cənub Qaz Dəhlizi və hətta, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin əhəmiyyətini birə-beş artırdı.

Belə ki, imzalanan Konvensiyada ən mühüm cəhət ondan ibarət idi ki, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalmaqla, dibi və faydalı qazıntılar isə sahil dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünəcək. Bu isə o demək oldu ki, Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəlmiş sayıldılar.

Sözüm bunda deyil. Ümumiyyətlə, keçən ilin payızında dövlət başçımızın qonşu Türkmənistana rəsmi səfəri zamanı yazdım ki, Azərbaycan-Türkmənistan münasibətlərinin yaxşı səviyyədə olması, daim inkişaf etdirilməsi bir çox ölkələr üçün də vacib xarakter daşıyır. Çünki ortada dünya iqtisadiyyatı, o cümlədən, region ölkələri üçün çox böyük strateji əhəmiyyət daşıyan enerji resursları, tranzit, müxtəlif təyinatlı mal və məhsulların daşınması kimi məsələlər mövcuddur. Və bunlar təkcə hər iki ölkəyə aid mövzular deyil.

Türkmənistan ilə Azərbaycan böyük enerji resurslarına malik ölkələrdir. Odur ki, enerji resursları sahəsində əməkdaşlıq iki ölkənin sıx münasibətdə olmasını tələb edir. Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı, icraedicisi, həmçinin, sahibidir ki, bunlar Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz boru kəmərləri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Hansı ki, adı çəkilən tikililərin hər biri regionun bütün ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarındadır. O cümlədən, Türkmənistan üçün də olduqca vacib və əhəmiyyəti infrastrukturlardır. Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkdir. Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli qeyd edilənlərə sübutdur. O cümlədən, Türkmənistan böyük qaz resurslarına da malik ölkədir. Belə ki, Cənubi Qafqaz qaz boru kəməri də Türkmənistan üçün ölkəmizə olandan daha əhəmiyyətli və cəlbedici xarakter daşıyır. Hər iki ölkə bu tranzit imkanlarından birgə istifadə etmək, Asiya-Avropa, Avropa-Asiya arasında enerji resurslarının daşınmasında eyni siyasət yürütmək perespektivinə malikdirlər ki, bu da onların nüfuzunun gələcəkdə artması üçün yaxşı imkan açır.

İlk gündən məlum idi ki, “Cənub Qaz Dəhlizi” gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin layihəyə dəstək vermələri də bununla əlaqədar idi. “Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Ümumiyyətlə, orta və uzaq perespektivdə Azərbaycanın özünün Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcəyi qabaqcadan nəzərdə tutulurdu. Əsas hədəflərdən biri də məhz bundan ibarət idi.

Bəli, Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq. Lakin getdikcə, əsas diqqət Trans-Xəzər layihəsi üzərində – “Cənub Qaz Dəhlizi”nin yol açdığı bir məsələ üzərində cəmləşir. Azərbaycan və Avropa İttifaqı Türkmənistan qazının nəqli ilə bağlı təkliflərini hələ xeyli əvvəl verib. Yekun qərar Aşqabaddan asılıdır.

Əgər, Türkmənistan tərəfi öz qazını Trans-Xəzər Boru Kəməri ilə nəql etmək istəsə, bununla bağlı müvafiq qərar qəbul etməlidir. Bundan sonra həmin layihəyə də sərmayə qoyulacaq. Bu qərar isə məhz Türkmənistan hökuməti tərəfindən qəbul etməlidir və çox güman, edəcək də. Çünki, Azərbaycan regionda alternativlər təklif edən ölkədir.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Transxəzər