Cenevrədə Beynəlxalq Novruz Günü qeyd edilib

  23 Mart 2019    Oxunub : 772
Cenevrədə Beynəlxalq Novruz Günü qeyd edilib
Cenevrədə yerləşən BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Azərbaycan, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT-nin Cenevrə Bölməsi yanında daimi nümayəndəliklərinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirin açılışında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının aparat rəhbəri Nareş Prasad çıxış edib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb və bu tədbiri təşkil etdiklərinə görə 11 ölkənin Cenevrədəki daimi nümayəndəliklərinə minnətdarlığını bildirib. N. Prasad bu tədbiri mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq rəmzi kimi qiymətləndirib.

Qeyd edilib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT-nin Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart- Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur və Cenevrədəki tədbir məhz həmin qətnaməyə uyğun təşkil edilib.

On bir daimi nümayəndəlik adından İranın daimi nümayəndəsi səfir Esmail Bağai-Hamane çıxış edərək, Novruz bayramının tarixi və əhəmiyyəti haqqında məlumat vermiş, onun müasir dövrü üçün önəmli həmrəylik mənasını vurğulayıb.

Təşkilatçı ölkələr tərəfindən hazırlanmış onların tarixi, mədəniyyəti və incəsənətinə dair foto və videomateriallar tədbir iştirakçılarına təqdim edilib, milli mətbəx nümunələrindən ibarət xüsusi guşələr təşkil olunub.

Mərasimdə Cenevrədəki BMT Bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT təşkilatlarının əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və tədbiri təşkil edən ölkələrin Cenevrədəki diaspor nümayəndələri iştirak ediblər. Ümumilikdə tədbirə 800-ə yaxın qonaq qatılıb.

Azvision.az

Teqlər: Cenevrə   BMT   Novruz