Novruz kimin bayramıdır?

   Novruz kimin bayramıdır?
  21 Mart 2019    Oxunub:5717

Elşad Barat
Azvision.az
üçün

Bu yazıda çalışacağıq ki, Novruz bayramının ilk dəfə keçirildiyi zamana və məkana qədər gedib çıxaq. Görək, Növruz, Navrez, Nevruz, Noruz, Nevris, Altay ködürgüni, Bahar bayramı, Ulusun ulu Kunu və başqa bir çox adlar altında qeyd olunan bu bayramın əsl adı və mahiyyəti nədir? Ümumiyyətlə, bu bayram Şərqindir, yoxsa Qərbin? Zərdüşlükdənmi gəlir, yoxsa İslamdan? Türk bayramıdır, yoxsa təbiət?


İsveçrədə hər il “Secheleuten” adlanan bahar bayramı keçirilir. Bu bayramda insanlar təzə paltar geyinir, evlərini bəzəyir və tonqal yandırırlar. Onların belə bir rəvayəti də var ki, guya Günəş gözəl bir qız obrazında yerə enir və ilan onu oğurlayır. Güllər, ağaclar solur, dünya zülmətə qərq olur, quşlar ağzına su alıb dayanır. Bir oğlan gəlib ilanı öldürür və bu zaman yaralanır. Onun qanından bir damla qarın üstünə düşür, qar əriyir və oradan novruzgülü çıxır. Günəş isə yenidən göyə çəkilir və təbiət oyanır.

İngiltərədə də bahar bayramı keçirilir. Bayram hesab olunan gün (15 iyul) hava necə olursa, növbəti 40 günün də elə olacağını hesab edirlər. Bizdə də Növruzun ilk dörd gününə görə illik hava durumu müəyyən olunur.  Çində Bahar bayramı daha sərt keçirilir. Camaat tanrı Tsaovan üçün ləziz yeməklər bişirir, şam yandırır və şirniyyatlar hazırlayırlar. Bolqaristan, Moldova, Danimarka və başqa yerlərdə də Bahar bayramı bizim Növruza oxşar şəkildə keçirilir.

Bütün türk xalqları Novruz bayramını demək olar ki, eyni adətlər və qaydalarla qeyd edirlər. Onların rəvayətinə görə düşmənə yenilən türklərin bir neçə nəfəri qurtularaq qaçıb hansısa dağın atkeçməz yerlərində özlərinə məskən salıblar. Oraya Ərgənəkon adı veriblər. 400 il keçib və onlar xeyli çoxalıb, heyvan sürüləri dağa sığmaz olub. Qərara gəliblər ki, başqa yerə köç eləsinlər. Amma dəmir dağı yara bilməyiblər. Sonra od qalayıb dəmir dağı əridiblər. Bozqurd da onlara yol göstərib və xilas olublar.

Firdovsi öz “Şahnamə”sində Novruzu aparıb İran tarixinə bağlayıb. Bəzi din xadimləri də deyirlər ki, guya Novruz bayramı dördüncü xəlifə imam Əlinin hakimiyyətə gəldiyi günün qutlanmasıdır. İran mifologiyasına görə Novruz günü Turan hökmdarı Əfrasiyab tərəfindən öldürülən Siyavuşun dəfn olunduğu gündür. Məmməd Əmin Rəsulzadə isə yazır ki, rəvayətlərdə Novruz bayramı Cəmşidin taxta çıxması ilə əlaqələndirilir.

Gördüyümüz kimi, rəvayətlər uzandıqca uzanır. Ayrı-ayrı xalqların Novruzu özəlləşdirmək cəhdi su kimi aydındır. Ancaq Novruz özünü heç bir xalqa təslim etməyib. Hələ ki, özündə tarixi sirlər daşımağa davam edir. Əslində, bütün xalqların, cəmiyyətlərin Novruz bayramına sahib çıxmaq çırpıntıları normal haldır. Niyə Şimal-buzlu Okeanda Bahar bayramı keçirilmir? Çünki oraya Novruz ayağı dəyməyib. Deməli, Bahar bayramının gedib çıxa bildiyi bütün ərazilərin, torpaqların üzərində yaşayan insanların bu bayramı keçirməyə haqqı var.

Bəs, Novruz bayramı ilk dəfə nə vaxt keçirilib? Məncə, bizim sivlizasiyanın (insan yaranandan sonra) ilk baharında hansısa tayfanın, qəbilənin bir adamının Günəşə baxıb yarımçıq təbəssüm etməsi ilk Bahar bayramının qeyd edilməsi kimi qiymətləndirilə bilər. Həmin yarpaqpaltarlı adamın üzündəki təbəssüm böyüyüb, böyüyüb yanındakı yarpaqpaltarlılara keçib. Və bu gedişlə bütün tayfaya yayılan təbəssüm insan emosiyalarının əməli ifadəsi olaraq ibtidai Novruz şənliyinin təməlini qoyub.

Bizdə Növruzaqədərki çərşənbə bayramları var ki, onların sıralanması heç bir məntiqə uyğun deyil. Məsələn, ilk su çərşənbəsi gəlir, sonra od. Əksər rəvayətlər, dastanlar deyir ki, buz əridi, selə döndü, od qalandı... Ancaq buz öz xoşuna əriyən idisə, niyə öncədən ərimirdi? Deməli, birinci od olmalıdır ki, buz əriyib selə dönsün. Bundan əlavə, Günəş çıxır, buzlar əriyir, otlar boy atır, ağaclar meyvə gətirir və təbiətin bu əlverişli vaxtında insanların əllərinin buzu açılır, qarınları tox olur, kefləri yaxşılaşır, sonra da müxtəlif oyunlar oynayırlar. Bu oyunlar zaman-zaman formalaşır və müxtəlif yerlərdə fərqli-fərqli şəkillər alır. Əgər yarpaqpaltarlı adamların Novruz bayramı oyunları bir-birinin qulağını dişləmək idisə, şalvar geyinən adamların Novruz oyunları xoruz döyüşdürmək oldu. Yəni şalvar inqilabı adamları bu qədər inkişafa apararaq, Novruz bayramını əsl Bahar bayramı kimi formalaşdırdı. Əgər onda biz bir-birimizin qulağını dişləyirdiksə, inkişaf nəticəsində biz yox, xoruzlarımız bir-birini dişləməyə başladılar.

Belə də fərz etmək olar ki, toyuq saxlayan hansısa tayfanın törəmələri bu gün yumurta döyüşdürür. Əkinçiliklə məşğul olan tayfalar zaman keçdikcə buğdanı üyüdüb un edib və bu gün həmin undan şəkərbura, paxlava bişirir. Hər bahar bir lider dəyişən tayfa adamları bu gün Novruzu hansısa dini, ideoloji, siyasi rəhbərin adı ilə bağlayırlar. Amma əldə əsas yoxdursa, nə fayda. Məsələn, bu gün hansısa birinci dünya ölkəsinin paytaxtında yaşayan adam ömrü boyu torpaq görməyib, asfalt üzərində gəzibsə, ona torpaq çərşənbəsindən danışmaq, torpağın oyanış sirlərini aşılamaq gülünc deyilmi?

Deməyim o ki, Novruz bayramının zaman və məkanına görə fərqli qaydalarla keçirilməsində adamlar haqlıdır. Çünki az qala dünyaya ağalıq eləyən Makedoniyalı İsgəndər adicə şəkərburanın dadını bilmədən öldü. Və ya o vaxt sərkərdələr bir-birinə Növruz bayramında dəvə, at göndərirdilər. Sovet fotoşəkillərində Novruz süfrəsinə yığılmış təamların çoxu bu günün Bahar süfrəsinə yaraşmır. Yarım əsirdə bu qədər dəyişən süfrəmizdirsə, görün, minillərlə yol gələn Novruz adətləri nə qədər dəyişməyə məcbur qalıb.

Ancaq həqiqətdir ki, sənin yeni yarpaq bağlayıb meyvə qurumuşuyla Novruz bayramını qeyd etməyin ilə kostyumda oturub şəkərbura yeyə-yeyə qarşılamağın arasında mahiyyətcə fərq yoxdur. Görüntü və forma dəyişsə də, niyyət eynidir – baharın gəlişinə sevinmək. Sonda gəldiyim qəti nəticə budur ki, Novruz bayramı təbiət hadisəsidir və heç vaxt dəyişməyəcək. Novruzunuz qutlu olsun!




Teqlər: Novruz  





Xəbər lenti