Bu gün İlaxır çərşənbədir

  19 Mart 2019    Oxunub : 1169
 Bu gün İlaxır çərşənbədir
Bu gün ilaxır çərşənbəsidir. Su, Od və Yel çərşənbələrindən sonra sonuncu Torpaq çərşənbəsi gəlir.
İlaxır çərşənbə Azərbaycanda xüsusi təntənə ilə qeyd olunur. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə can atır. İnanclara görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan.

Yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım-uğurluğum odlara tökülsün” deyər, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayar.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir. Adətə görə, bu naz-nemətin arasında adı “s” hərfi ilə başlanan yeddi cür nemət mütləq olmalıdır. Axı, 7 rəqəmi uğur rəmzidir. Çərşənbə süfrələrini isə milli xörək və şirniyyatlarımız bəzəyir.

Azvision.az

Teqlər: İlaxır-Çərşənbə