Vasif Talıbov onlara ev verdi

Vasif Talıbov onlara ev verdi
  16 Mart 2019    Oxunub:2242
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: "Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir".

Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzillə təmin olunanlara təşəkkürünü bildirib, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və yeni mənzillərində firavan həyat arzulayıb.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada müvafiq kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 4 ailəyə mənzillər, 1 nəfərə isə minik avtomobili təqdim olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün müvafiq kateqoriyalı 4 şəxsə yeni mənzillər təqdim olunur. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlıq edib, əhalinin sosial müdafiəsi sahəsində qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarını bildirib.

Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, müharibə iştirakçıları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirib.

Azərbaycan Vətən Müharibəsi iştirakçısı Samir Sadıxovun valideyni Əmanət Musayeva çıxış edərək deyib: “Dövlətimiz tərəfindən müharibə iştirakçılarına, şəhid ailələrinə hərtərəfli qayğı göstərilir. Mənim övladım Samir Sadıxov da vətənimizin müdafiəsində sağlamlığını itirib. Valideyn kimi fəxr edirəm ki, övladım Vətən yolunda şərəflə xidmət edib. Bir neçə il bundan əvvəl övladıma avtomobil təqdim edildi. Bu gün – Novruz bayramı ərəfəsində isə yeni mənzil verilir. Göstərilən bu qayğı bizə ikiqat bayram sevinci yaşadır. Qürur duyuram ki, mən bu ölkənin vətəndaşıyam. Ailəmiz bundan sonra da vətənimizin inkişafına öz töhfəsini verəcəkdir”.

Əmanət Musayeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb. Mənzillə təmin olunanlara xalça hədiyyə edilib.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti