İcbari Tibbi Sığorta ötən ilin hesabatını açıqladı

  15 Mart 2019    Oxunub : 493
İcbari Tibbi Sığorta ötən ilin hesabatını açıqladı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2018-ci il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb.
Agentlikdən Azvision.az-a verilən məlumata görə, illik hesabatda qurumun tabeliyinə verilən tibb təchizatçılarında həyata keçirilən yeniliklər, pilot layihənin göstəriciləri üzrə nəticələr, tibbi statistik göstəricilər, icbari tibbi sığorta (İTS) sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb. Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində İTS-nin tətbiqinə Mingəçevir şəhərində və Yevlax rayonunda 01 yanvar 2017-ci il, Ağdaş rayonunda isə 16 fevral 2018-ci il tarixlərindən etibarən başlanılıb. Layihə müddətində əhalidən sığortahaqqı toplanılmayıb.

Hesabat dövrü ərzində pilot ərazilərdə sığortaolunanların sayı 340 min 600 nəfər təşkil edib. Agentlik pilot layihə müddətində qarşısına qoyduğu hədəflərə çatmaq məqsədilə müvafiq tədbirlər həyata keçirib. Belə ki, Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının ümumi əməkhaqqı fondu artırılıb, maddi-texniki bazası, dərman preparatları və tibbi sərfiyyat vasitələri üzrə təchizatı yaxşılaşdırılıb. Pilot layihənin göstəriciləri onu deməyə əsas verir ki, səhiyyə sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunub, Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan tibb işçilərinin iş şəraitləri (70%) və əməkhaqları (63%) ilə bağlı məmnunluqları yüksəlib.

Pilot ərazilərdə yaşayan sığortaolunanlar və məcburi köçkünlər baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb. Nəticədə göstərilən xidmətlərdən məmnunluq və tibbi xidmətlərə əlçatanlıq səviyyəsi əhali arasında müvafiq olaraq 87% və 77% (Mingəçevir şəhər və Yevlax rayonu üzrə göstəricilər ümumiləşdirilib), Ağdaş rayonu üzrə isə müvafiq olaraq 90% və 62% təşkil edib.

Pilot ərazilərdə fəaliyyət göstərən tibb təchizatçılarının fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, 2016-cı il ilə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 11,7-dən 4,6-ya qədər azalıb. Bundan əlavə, 2018-ci ildə Ağdaş rayonundakı tibb təchizatçılarının çarpayı fondu optimallaşdırılıb və çarpayıların sayı 370-dən 170-ə enib.

2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,1 milyon, evə yazılan xəstələrin sayı 21 min 454 nəfər, cərrahi əməliyyatların sayı isə 9 min 346 təşkil edib. 2017-ci il ilə müqayisədə ötən il həkimə gəlişlərin sayında 27% artım müşahidə olunub. Evə yazılan xəstələrin 60%-i, cərrahi əməliyyatların isə 74%-i Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının payına düşüb.

Ümumilikdə 2018-ci il üzrə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 32 660,39 min manat vəsait sərf edilib ki, bu vəsaitin 26 921,34 min manatı Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının (ilkin səhiyyə xidməti daxil olmaqla), 2 307,89 min manatı pilot ərazilərdə göstərilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb təchizatçılarının, 3 431,16 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.

Hesabat dövründə pilot ərazilərdə göstərilən tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş verib:

1. Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmət istifadəyə verilib. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır.

2. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında endoskopik üsulla transuretral rezeksiya (TUR) və böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatları həyata keçirilir.

Ağdaş rayon Mərkəzi Xəstəxanası kompüterlər və proqram təminatları ilə təchiz edilib, müəssisənin daxili fəaliyyətinin əhəmiyyətli dərəcədə elektronlaşmasına nail olunub. Bundan başqa, maliyyə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması üçün ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilib, habelə ikinci səviyyəli səhiyyə xidmətlərinə göndərişi olmayan sığortaolunanlara azadolma məbləği tətbiq edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən ölkə üzrə İTS-nin tətbiqi 2020-ci ildən etibarən nəzərdə tutulur.

Azvision.az

Teqlər: İTS   Hesbat   Həkim