Aİ-dən tibbi sığorta ilə bağlı Azərbaycana tövsiyə

  Aİ-dən tibbi sığorta ilə bağlı Azərbaycana tövsiyə
  14 Mart 2019    Oxunub:2328
Azərbaycanda icbari tibbi sığorta haqlarının vergi idarəsi tərəfindən toplanması məsələsi nəzərdən keçirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının tvinninq üzrə rezident müşaviri Qediminas Çerniauskas Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib. Bildirib ki, icbari tibbi sığorta haqlarının və rəsmi azadolma məbləğlərinin tətbiqi xidmətlər zərfinin tətbiqi ilə sinxronlaşdırılmalıdır.

Q.Çerniauskas hesab edir ki, icbari tibbi sığorta haqları vasitəsilə və dövlət büdcəsindən maliyyələşmə Azərbaycan üçün yaxşı seçimdir.

AI rəsmisi tövsiyə edir ki, orta müddətdə səhiyyə sektorunun maliyyələşdirilməsində dövlət mənbələri üstünlük təşkil etməlidir. Sübuta əsaslanan bahalı tibb texnologiyalar icbari tibbi sığorta tərəfindən qarşılanmalı və tibbi ehtiyacı olan əhali üçün əlçatan olmalıdır.

Səhiyyədə dövləti maliyyələşdirilməsinin payı artmalıdır. Bunun ardınca tibbi məhsulların tədricən əhatə edilməsi davam etməlidir. Tibbi xidmətlərin keyfiyyətinin artması orta və uzunmüddətli dövrdə əsas amil olmalıdır.

Q.Çerniauskas vurğulayıb ki, 2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq ediləcək. İcbari tibbi sığorta sisteminin tətbiqi əhalinin tibbi ehtiyacları daha çox qarşılanacaq, qanunsuz ödənişlər aradan qaldırılacaq, tibb işçiləri qanuni şəkildə əldə edilmiş münasib gəlirlə təmin ediləcək.

Aİ müşaviri 2020-2023-cü illərdə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə Azərbaycanın əldə edə biləcəyi nəticələri də açıqlayıb. Onun sözlərinə görə, qeyd edilən müddətdə həkimə müraciətlərlə ölçülən səhiyyə xidmətlərinə əlçatanlıq və xəstəxanalara qəbul Avropanın qabaqcıl ölkələrinin səviyyəsində olacaq:

"Məhsuldarlıq artsa, Azərbaycan lazımı tibbi xidməti göstərmək üçün bütün imkanlara malikdir. Məhsuldarlıq (xəstəxanada orta yatma müddəti, həkimə müraciət, doluluq dərəcələri) Aİ üzv dövlətləri səviyyəsinə çatmalı və ya ona yaxın olmalıdır. Azərbaycan qısa müddətdə keyfiyyətin artırılıması, köməkçi xidmətlərlə (qeydiyyat, qidalanma) bağı böyük imkana malikdir. Əhalinin yüksək etimad səviyyəsinə nail olmaq tibbi xidmətə əlçatanlıq və onun keyfiyyətin davamlı artırılmasının təmin edilməsi ilə mümkündür".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Avropa-İttifaqı   Səhiyyə   Tibbi-Sığorta  





Xəbər lenti