Prezident əfqanıstanlı həmkarı ilə görüşüb - FOTOLAR (Yenilənib)

Prezident əfqanıstanlı həmkarı ilə görüşüb - FOTOLAR (Yenilənib)
  14 Mart 2019    Oxunub:4511
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş oldu. Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.



Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd etdi, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu. Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.



Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirdi. Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi. Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.



“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.



“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzaladılar.

Azvision.az


Teqlər: Əfqanıstan   İlham-Əliyev  





Xəbər lenti