Niderland şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Niderland şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
  14 Mart 2019    Oxunub:2533
Azərbaycanın Niderlanddakı səfirliyində “Philips” şirkətinin vitse-prezidenti Yan-Villem Sxeyqrond və “Signify” şirkətinin meneceri Tomas Leenders ilə görüş keçirilib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə qonaqlar təmsil etdikləri şirkətlərin Azərbaycanda müxtəlif layihələrdə iştirak etdiklərini bildiriblər. Hər iki şirkətin Azərbaycan ilə həyata keçirdiyi əməkdaşlığın səviyyəsindən və Azərbaycan hökuməti tərəfindən bu şirkətlərə yaradılan əlverişli iqtisadi mühitdən məmnunluq ifadə edilib.

Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət və islahatlar, Azərbaycan ilə Niderland arasında mövcud siyasi, iqtisadi əlaqələrin inkişaf səviyyəsi, qarşılıqlı səfərlər və birgə iqtisadi layihələr haqqında məlumat verib. O, iqtisadi əlaqələrin daha da intensivləşdirilməsi baxımından ölkəmizin Niderland şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirib.

Yan-Villem Sxeyqrond qeyd edib ki, “Royal Philips” şirkətlər qrupunun rəhbərliyinin 2016-cı ildə qəbul etdiyi müvafiq qərarla bu şirkət “Philips Lighting” və “Philips” olmaqla iki yerə ayrılıb. 2018-ci ildən “Philips Lighting” öz adını dəyişərək “Signify” kimi tanınmağa başlayıb. Bu bölgünün məqsədi hər iki şirkətin konkret sahədə ixtisaslaşmasını təmin etməkdir. Belə ki, “Philips” şirkəti hazırda prioritet olaraq səhiyyə texnologiyalarının istehsalı və təmini sahəsində fəaliyyət göstərir. Buraya xəstəliklərin diaqnostikası və müalicəsi üçün zəruri olan aparatların istehsalı (rentgen, ultrasəs və s.), xəstəliklərin monitorinqi üçün xidmətlərin təşkili, ən qabaqcıl cərrahiyyə texnologiyalarının təmini, evdə müalicə üçün avadanlıqların hazırlanması, əhalinin sağlam həyat tərzinin təşkili üçün vasitələrin təmini daxildir.

“Signify” şirkəti isə evlərin, ofislərin, ictimai məkanların, küçələrin və binaların işıqlandırılması sahəsində peşəkarlaşıb. “Signify” hazırda “LED” işıqlandırması sahəsində dünya lideridir və ümumilikdə 100-dən çox ölkədə illik 6,5 milyard avro məbləğində müxtəlif layihələr həyata keçirir. Şirkət, eyni zamanda, “lifi” (işıq vasitəsilə xətsiz internetin təşkili) texnologiyalarının təminini də həyata keçirir.

T.Leenders Azərbaycanın müvafiq bölgələri ilə də xüsusilə işıqlandırma sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib.

Azvision.az


Teqlər: Niderland   Şirkət  





Xəbər lenti